Accessibility links

Azərbaycan “Dünyanın nəbzi” dialoqunda iştirak edəcək


Dialoq Azərbaycan vətəndaşları ilə dünyanın müxtəlif guşələrindəki insanlar arasında təhsil, gənclər kimi mövzular ətrafında diskussiya aparılmasını nəzərdə tutur

ABŞ prezident Barak Obamanın Qahirədəki “Yeni başlanğıclar” çıxışından irəli gələn beynəlxalq virtual dialoqda iştirak edəcək 9 ölkə arasında Azərbaycan da var. Xəbəri Amerikanın Azərbaycandakı səfirliyi yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan vətəndaşları ilə dünyanın müxtəlif guşələrindəki insanlar arasında təhsil, ətraf mühitin qorunması, gənclər, qadınların rolunun artırılması kimi mövzular ətrafında diskussiya açmaq üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) martın 30-da “Dünyanın nəbzi” tədbirini həm də fiziki olaraq Bakı şəhərində, beş müxtəlif yerdə keçirəcək.

Gənclərin liderliyi mövzusunda onlayn müzakirə martın 30-da Azərbaycan Dillər Universitetində yerləşən, səfirliyin də dəstək verdiyi Amerika Mərkəzində keçirəcək.

“Dünyanın nəbzi 2010” üç günlük virtual tədbirdir və martın 29-da start veriləcək bu forumda dünyanın müxtəlif nöqtələrindən minlərlə insan planetin ən ümdə problemlərini müzakirə edəcək, onların həll yollarını araşdıracaq.

“Dünyanın nəbzi”, bir-birinə qulaq asmaq və birlikdə daha yaxşı gələcək qurmaq barədə dialoqdur” - deyə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu qeyd edib.

“Qlobal problemlər qlobal həll yolları tələb edir və prezident Obama yeni, sağlam ideyaları tapıb ortaya çıxartmaq üçün bütün dünya üzrə tərəfdaşlarımızla təmas qurmağı prioritet sahə elan edir” – deyə o fikrini davam etdirib.

USAİD martın 30-da əlavə dörd ünvanda aşağıdakı mövzular üzrə tədbirlər təşkil edəcək:

- Qadınların və qızların cəmiyyətdə rolunun artırılması;

- Zəruri təhsilin təminatı;

- Daha güclü tərəfdaşlığın qurulması;

- Planetimizdə davamlı yaşayışın qurulmasına dəstək.

XS
SM
MD
LG