Accessibility links

Azərbaycan elektron imzanın tətbiqinə başlayıb


Azərbaycan elektron imzanın tətbiqinə başlayıb
Azərbaycan elektron imzanın tətbiqinə başlayıb

Dövlət qurumları elektron imzaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən alacaq.

Bu gündən Azərbaycanda elektron imzanın (e-imza) tətbiqinə başlanılıb. Bu barədə Turan Agentliyi rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədova istinadən məlumat verib.

Nazir müavininin sözlərinə görə, bundan sonra fiziki və hüquqi şəxslər e-imza almaq üçün "Azərpoçt"a müraciət edə bilər.
Dövlət qurumlarına gəlincə, onlar e-imzaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən ala bilər.
Fiziki şəxslər üçün e-imzanın qiyməti ƏDV nəzərə alınmaqla il ərzində 14 manat təşkil edir. Hüquqi şəxslər və biznes qurumları üçün imzanın qiyməti ildə 60 manat, dövlət müəssisələrinin əməkdaşları üçün 135 manat (üç illik) təşkil edir. Elektron imzalar üçün tariflər müvəqqətidir və 2012-ci il yanvarın 15-dək etibarlıdır. Gələcəkdə onlara yenidən baxıla bilər.
Cənab Məmmədov qeyd edib ki, sentyabr-oktyabr aylarında elektron xidmətlərin təşkili məsələsi hökumət səviyyəsində müzakirə olunacaq. O vaxta qədər bütün təşkilatlar elektron xidmətlərin göstərilməsini təmin etməlidir. Nazirlik e-imzanın tətbiqi üçün zəruri infrastrukturun yaradılmasında dövlət müəssisələrinə istənilən yardımı göstərməyə hazırdır.
E-imzanın tətbiqi layihəsi "Elektron imza və elektron sənəd haqqında" 9 mart 2004-cü il tarixli qanuna uyğun olaraq həyata keçirilir. Qanuna əsasən e-imza kağız daşıyıcı sənəddə əl imzasına bərabərdir və elektron sənədi imzalayan şəxsin autentifikasiyası üçün nəzərdə tutulub (e-imza informasiyanın elektron-rəqəmsal formada təqdim olunduğu sənəddir). Elektron imza e-sənədə hüquqi əhəmiyyət verir. Elektron imzadan dövlət təşkilatlarında, maliyyə sektorunda, elektron kommersiyada istifadə oluna bilər. Elektron imza e-hökumətin yaradılması üçün böyük önəm kəsb edir.
Azərbaycanda e-imzanın yaradılması layihəsini Ultra Computers, Azerin və Microsoft şirkətlər konsorsiumu həyata keçirib. Konsorsium Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzinin milli açıq açar infrastrukturunun yaradılması üzrə keçirdiyi tenderin qalibi olub.
Elektron imzanın vətəndaşların elektron xidmətlərdən tam həcmdə istifadə etməsinə imkan yaradacağı və bürokratiyanın qarşısını alacağı gözlənilir.

XS
SM
MD
LG