Accessibility links

Azərbaycan, erməni və rus dini rəhbərləri birgə bəyannamə imzalayıb


Azərbaycan, erməni və rus dini rəhbərləri birgə bəyannamə imzalayıb
Azərbaycan, erməni və rus dini rəhbərləri birgə bəyannamə imzalayıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri MDB ölkələri Dinlərarası Şuranın Yerevanda keçirilən iclasında iştirak edir.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti MDB ölkələri Dinlərarası Şuranın noyabrın 28-i və 29-da Yerevanda keçirilən iclasında iştirak edir.

QMİ-nin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinə Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ rəhbərinin müavini Rəşid Əliyarlı və Rus Pravoslav Kilsəsinin Bakı Xəzəryanı Yeparxiyasının rəhbəri yepiskop Aleksandr daxildir.

Xatırladaq ki, 2010-cu ildə Bakıda keçirilən analoji iclasda ermənilərin katolikosu İkinci Qaregin iştirak edib.

Qarabağ Azadlıq Təşkilatı isə Allahşükür Paşazadənin Ermənistana səfər edərək erməni katolikosu II Qareginin hüzuruna getməsini qətiyyətlə pisləyir.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Allahşükür Paşazadənin bunları bilə-bilə erməni katolikosunun hüzuruna getməsinə heç bir bəraət yoxdur. “Demək olar ki, hər gün cəbhədə əsgərlərimiz erməni gülləsinə tuş gəlir, 2 gün əvvəl daha bir əsgərimiz qətlə yetirilib. Allahşükür Paşazadə bu qədər insanın qanının üzərindən keçib katolikosun hüzuruna getməyinə heç nə ilə haqq qazandıra bilməz. O, gərək heç olmazsa, gürcü patriarxından nümunə götürüb bu səfərə getməyəydi”, - deyə təşkilatın bəyanatında qeyd edilir.

“Media Forum” saytının məlumatına görə, MDB ölkələri Dinlərarası Şurası Rəyasət Heyətinin Yerevanda keçirilən toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və bütün Rusiyanın Patriarxı Kiril birgə bəyannamə qəbul edib.

Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının zəruriliyi vurğulanır. Sənədlə bağlı Patriarx Kiril deyib ki, din xadimləri Azərbaycanla Ermənistanın dövlət rəhbərlərindən snayperləri cəbhənin ön xəttindən geri çəkməyi xahiş edir: “Biz güc tətbiqini yolverilməz sayırıq, çünki bu, insanların Qarabağ probleminin dinc yolla həll ediləcəyinə ümidini qırır”.

Patriarx Kiril Azərbaycan və Ermənistan rəhbərlərinin danışıqlar prosesində iştirakını alqışlayıb: “Biz dua edirik ki, həm iki ölkə rəhbərləri, həm də iki xalq arasında münasibətlər addım-addım yaxşıya doğru dəyişsin”.

XS
SM
MD
LG