Accessibility links

Azərbaycan Fransaya kəskin etiraz edir (mövqelər)


Azərbaycan Fransaya kəskin etiraz edir (mövqelər)

Azərbaycan Fransaya kəskin etiraz edir (mövqelər)

Xarici İşlər Nazirliyi Fransa Senatının soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qərarını qətiyyətlə pisləyir.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu qanunu qəbul etməsindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.
“Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər”, - nazirliyin bəyanatında deyilir.
Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa, bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır.
Fransa Senatı yanvarın 23-də uzun sürən müzakirələrdən sonra “erməni soyqırımı”nı inkara görə cəzanı nəzərdə tutan qanun layihəsini təqdir edib. Səkkiz saatlıq debatdan sonra Senat (yuxarı palata) sənədin qəbuluna səs verib. Bundan əvvəl sənəd Milli Assambleyanın deputatları tərəfindən qəbul edilib. 127 senator sənədin lehinə səs verib. 86 nəfər əleyhinə olub. Fransa 2001-ci ilin yanvarında Osmanlı imperiyasında “erməni soyqırımı”nı qanuni şəkildə tanıyıb. Bundan sonra, onun inkar edilməsi və miqyasının azaldılması bir ilədək həbs cəzası və ya 45 min avro həcmində cərimə ilə nəticələnəcək. Qanun layihəsinin müzakirəsi Fransanın siyasi dairələri arasında xeyli mübahisələr yaratmışdı. Belə ki, ötən həftə Senatın hakim partiyanın və müxalifət nümayəndələrinin daxil olduğu profil komitəsi sənədin Konstitusiyaya uyğunluğuna əmin olmaq üçün onun qəbulunun təxirə salınmasını tövsiyə etmişdi. Həmçinin xarici işlər naziri Alen Jüpe və əvvəllər Fransa ilə Avropa əməkdaşlığı üzrə cavabdeh olmuş kənd təsərrüfatı naziri Bryuno Le mer səsvermə ilə bağlı şübhələrini açıqlamışdılar. Yanvarın 23-də Lüksemburq sarayında Türkiyə və Ermənistan səfirləri debatları böyük diqqətlə izləyiblər. Türkiyə tərəfinin reaksiyası özünü gözlətməyib. Erməni soyqırımının inkarına görə cəzanı nəzərdə tutan qanun Türkiyədə “məsuliyyətsiz akt” adlandırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Biz bu qərarı qətiyyətlə pisləyirik, bu, bütün hallarda şübhəlidir və məsuliyyətsizlik nümunəsidir”, - nazirliyin kommunikesində bildirilir.
Türkiyənin Parisdəki nümayəndəsi Engin Solakoğlu bildirib ki, qanunun qüvvəyə minməsi Ankara və Parisin münasibətlərinə ciddi təsir göstərəcək. “Fransa strateji tərəfdaşını itirəcək”, - diplomat vurğulayıb.
Bundan əvvəl Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Ankaranın Parisə qarşı sanksiyası qaçılmaz xarakter daşıyacaq. “Kim düşünürsə ki, sanksiya tətbiq etdikdən sonra biz ona yenidən baxacağıq, Türkiyəni tanımır”, - nazir vurğulayıb.
Xəbər verildiyi kimi, Ankara bəyan edib ki, qanun layihəsi qəbul olunduğu halda, ölkə Parislə diplomatik əlaqələrinin səviyyəsini azaldacaq və öz səfirini Fransadan geri çağıracaq.
Bakıda da sənədin qəbulunun əleyhinə çıxışlar olub. Ölkənin siyasi qüvvələri Azərbaycan hakimiyyətini Fransanı ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasından çıxarmağa və Azərbaycandakı Fransa şirkətlərini ölkədən çıxarmağa çağırıb.
İqtidarda olan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində Fransa Senatının qərarını insan hüquqlarına, Fransanın qoşulduğu beynəlxalq konvensiyalara və öhdəliklərə zidd olduğunu bildirib. “Bu qanun Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşıdır. Ümumilikdə isə bütövlükdə islam dünyasına qarşı yönəlib. Fransa Türkiyənin regionda və dünyada təsiri olan güclü dövlətə çevrilməsini istəmir”, - deyə o qeyd edib.
Cənab Qurbanlı, Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun üzvü olduğunu yada salıb. “Fransa Senatının qondarma “erməni genosidi”ni inkara görə, cəza nəzərdə tutan qanun qəbul etməsi ilə Minsk qrupunda həmsədrlik missiyası bir araya sığmır. Mənim fikrimcə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Minsk qrupundan çıxarılmalı BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində həll edilməlidir. BMT baş katibinin münaqişə üzrə xüsusi nümayəndəsi təyin edilməlidir”.

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata da Fransa Senatının qərarını qınayan bəyanat qəbul edib. İctimai Palata həmçinin yanvarın 25-də Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirəcək, yanvarın 26-da isə Bakıdakı Türkiyə səfirliyinin binası qarşısından Fransa səfirliyinə qədər yürüş təşkil edəcək.

Azərbaycan Liberal Partiyasının qurucusu Lalə Şövkət Turan Agentliyinə bildirib ki, Azərbaycan dövləti təxirəsalınmaz addımlar atmalıdır. “Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalı, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır”.

Xanım Şövkətin fikrincə, Azərbaycan Fransa ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən baxmalıdır. “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Fransanı Avropa İnsan Hüquqları Məhkəməsinə verməlidir. Dövlət başçısı, onun xanımı və Fransanın “Fəxri legion” ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşları həmin ordendən imtina etməlidir. Azərbaycan vətəndaşlarına Fransaya səyyahət etməmək tövsiyə olunmalıdır. Bütün digər hüquqi, siyasi, iqtisadi, sosial yöndə addımlar Türkiyə ilə birgə uzlaşmalıdır”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Fransa Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun işləməyən qanun olacaq. “Sənədin yeganə nəticəsi Türkiyə-Fransa münasibətlərinə gərginlik gətirmək olacaq. Bu qanun bir də Ermənistanda millətçilik xülyası ilə yaşayan insanların Türkiyə və Azərbaycana qarşı düşmənçilik hisslərinin davam etdirilməsinə səbəb olacaq. Bu isə nəticədə Ermənistanın uduzmasına xidmət edəcək”, - o bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, ATƏT-in Minsk Qrupunda Parisin vasitəçiliyini nəzərə alsaq, Fransa parlamentinin qəbul etdiyi qanun təkcə Türkiyənin deyil, həm də Azərbaycanın maraqlarına ziddir. “Faktiki olaraq Fransa öz ermənipərəst mövqeyini rəsmiləşdirdi”, - o qeyd edib.
Cənab Şahinoğlunun sözlərinə görə, Türkiyə Senatın bu qərarına sərt reaksiya verəcək və bununla əlaqədar hazırladığı “B” planını işə salacaq. “Təəssüf ki, Azərbaycan hökumətinin bu cür planı yoxdur”, - ekspert vurğulayıb. Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupundan kənarlaşdırılması məsələsini qoymalıdır, baxmayaraq ki, bu, dərhal baş verməyəcək və müəyyən prosedurlar tələb edir.
Cənab Şahinoğlu hesab edir ki, Anlara Bakıdan qətiyyətli tədbirlər gözləyir və əgər Azərbaycan tərəfdən ciddi real addımlar atılmasa, iki ölkə arasında münasibətlər pisləşəcək.

XS
SM
MD
LG