Accessibility links

Azərbaycan hökuməti Avropa İttifaqına etiraz edir


Azərbaycan hökuməti Avropa İttifaqına etiraz edir

Azərbaycan hökuməti Avropa İttifaqına etiraz edir

Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının pozulduğunu bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona Avropa İttifaqının Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı və təəssüfü çatdırılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, səfirə bəyanatın qeyri-obyektiv olması, yanlış informasiyalar əsasında tərtib edildiyi bildirilib. “Bəyanat reallıqları əks etdirmir, qərəzlidir. Bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir”.

Media Forum saytının məlumatına görə, Avropa İttifaqının Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı aprelin 7-də ATƏT-in Daimi Şurasının iclasında səsləndirilib.

Bəyanatda Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən, Bakıda aprelin 2-də keçirilən dinc nümayişin sistematik olaraq dağıdılmasından, xeyli iştirakçının saxlanmasından və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəzaya məhkum edilməsindən narahatlığını ifadə edib: “Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd jurnalist müvəqqəti həbs olunub. Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs ediliblər və ya ev dustaqlığında saxlanılıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq”.

Bəyanatda Avropa İttifaqı Azərbaycanı jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə zəmanət verməyə, onların təhlükəsiz şəraitdə işləmələrinə şərait yaratmağa çağırıb: “Bu kontekstdə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyevi martın 26-da, Ramin Dekonu aprelin 4-də naməlum şəxslərin qəddarlıqla döyməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəkləyirik, Azərbaycanın hakimiyyət qurumlarını bu halları ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq.

Bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir və bunu Astana zirvə toplantısında bütün iştirakçı dövlətlər bir daha təsdiqləyib. Biz ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı səsləndirdiyi, hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladırıq. Biz Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”, - deyə sənəddə qeyd edilir.

XS
SM
MD
LG