Accessibility links

Azərbaycan ilə Rusiya neft həcm və tariflərini müzakirə edir


Azərbaycan ilə Rusiya neft həcm və tariflərini müzakirə edir

Azərbaycan ilə Rusiya neft həcm və tariflərini müzakirə edir

İclasda Azərbaycan neftinin Rusiya ərazisindən tranziti haqqında imzalanmış müqaviləyə əlavə və dəyişikliklər ətrafında fikir mübadiləsi aparılır. Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə ildə minimum 1,5 milyon ton neftin nəql edilməsi təklifi ilə çıxış edir.

Bakıda Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığa dair işçi qrupun iclası keçirilib.
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan tərəfdən işçi qrupuna nazir Natiq Əliyev, Rusiya tərəfdən isə energetika nazirinin müavini Anatoli Yanovski rəhbərlik edir.

İclasda 1996-cı ilin yanvarında Azərbaycan neftinin Rusiya ərazisindən tranziti haqqında imzalanmış müqaviləyə əlavə və dəyişikliklər ətrafında fikir mübadiləsi aparılır. Neft həcmləri və tarif məsələləri danışıqların əsas müzakirə mövzusudur. Azərbaycan tərəfi Bakı-Novorossiysk boru kəməri vasitəsilə ildə minimum 1,5 milyon ton neftin nəql edilməsi təklifi ilə çıxış edir.
Tədbirdə, həmçinin 1995-ci ilin oktyabrında iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri barədə sazişə əlavə və dəyişikliklərin edilməsi məsələləri müzakirə olunur. Burada əsasən enerji sisteminə paralel qoşulmalar, enerji mübadiləsi və elmi-texniki məsələlər diqqət mərkəzindədir.

Xatırladaq ki, bu ilin iyulunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Rusiya arasında enerji sahəsində münasibətlərlə bağlı Rusiya KİV-nə müsahibəsində əlaqələri uğurlu adlandırıb. Nazir deyib ki, Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. “2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə Qazprom iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq. Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb”.
Cənab Məmmədyarovun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Novorossiysk vasitəsilə özünün istismar etdiyi yataqlardan hasil edilən neftin və Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin neftinin daşınmasını həyata keçirir. “Bakı-Novorossiysk boru kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub, sonradan bu funksiyanı ARDNŞ-yə ötürüb.
2010-cu ildə ARDNŞ Bakı-Novorossiysk neft kəməri vasitəsilə 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton, 2008-ci ildə isə 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon ton neft ixrac edilib ki, bu da 2006-cı ilin analoji dövr göstəricisi ilə eynidir. 2005-ci ildə Bakı-Novorossiysk kəməri ilə ixrac 1,6 milyon ton neft təşkil edib”.

XS
SM
MD
LG