Accessibility links

Azərbaycan interneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?


Azərbaycan interneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?

Azərbaycan interneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?

Mütəxəssislər hesab edir ki, turistlər ilk öncə mobil İnternetdən istifadəyə can atır. Azərbaycanda mobil internetin səviyyəsi yaxşı deyil. Mobil internetin qiyməti 40-50 dollardır. Bu isə Avropadakı qiymətlərdən iki dəfədən çox bahadır. Plastik kartlardan istifadə və ödənişlər sahəsində də vəziyyət yaxşı deyil.

Azərbaycan İnternet Forumu “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda dəyirmi masa keçirib. Forumda əsasən Azərbaycanda İnternetin 2012-ci ildə Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsinə hazırlığı, xidmət səviyyəsi, qiymətlər, xəbər ehtiyatları, dil və texniki hazırlıq vəziyyəti diqqət mərkəzində olub.
Müzakirələrdə məlum olub ki, Azərbaycan və Bakı şəhəri ilə bağlı İnternetdə yetərincə məlumatlar yoxdur. “Bakı şəhəri və Azərbaycanla bağlı həm milli, həm də qlobal resurslarda məlumatlar yetərli deyil. Məlumatların əksəriyyəti azərbaycan və rus dilli istifadəçilər üçün nəzərdə tutulub. İngilis dilində isə məlumatlar olduqca azdır və yetərli deyil”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
O, həmçinin provayderlərin istifadəçiləri aldatdığını, qiyməti ödənmiş sürətdə trafik vermədiyini, İnternet bağlantısının yetərli olmadığını, bağlantılarda bəzən fasilələr yarandığını deyib
Azərbaycan Euruvision-2011 mahnı müsabiqəsində qalib gəldikdən sonra ölkə barədə məlumat əldə etmək istəyənlərin sayı 8 dəfə, Bakı şəhəri barədə məlumat almaq istəyənlərin sayı isə 2 dəfə artıb. “Twitter”də Azərbaycanla bağlı məlumat alan insanlar 100 minlərlədir. “Azərbaycanın milli İnternet resursları hazırda yüz minlərlə istifadəçinin eyni anda istifadəsinə hazır deyil. Ölkədə Bulud sisteminin tətbiqinə başlanmalıdır. Bu sistem istifadəçilərin sayına uyğun olaraq resursunu avtomatik artırıb-azaldır. Eyni zamanda, konsert salonunda Wi-Fi sisteminə pulsuz giriş olarsa, Azərbaycanın reklamı üçün gözəl fürsət olar. Artıq Britaniya hökuməti 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunları zamanı pulsuz Wi-Fi sistemindən istifadə ediləcəyini bəyan edib”, - deyə İnternet məsələləri üzrə ekspert Rüstəm Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində qeyd edib.
Onun fikrincə, turistlər ilk öncə mobil İnternetdən istifadəyə can atacaq. “Mobil İnternetin səviyyəsi də yaxşı deyil. Mobil İnternetin qiyməti 40-50 dollardır. Bu isə Avropadakı qiymətlərdən iki dəfədən çox bahadır. Plastik kartlardan istifadə və ödənişlər sahəsində də vəziyyət yaxşı deyil”.
Ekspert İnternetə girişlə bağlı monitorinq də keçirib. On istifadəçi eyni vaxtda sayta giriş üçün 5,14 saniyə, 50 istifadəçi isə 6,15 saniyə sərf edib. “Britaniyada sayta giriş üçün orta hesabla 0,8 saniyə vaxt sərf olunur”, - deyə R.Əliyev bildirib.
Ekspertlər eyni zamanda təhlükəsizlik və saytların trafiklərə dözə biləcəyi də şübhə altına qoyub. “Eurovision-la bağlı olan bütün saytlar, o cümlədən Eurovision-un rəsmi saytı və mobil rabitə stress testlərindən keçirilməlidir. Yüz minlərlə xaricdən gələn trafiklərə milli saytlar dözəcəkmi və ya saytların bir neçəsi sıradan çıxarsa hansı addımlar atılacağına hazır olmaq lazımdır?”, - deyə İREX-in meneceri Mürsəl Əliyev qeyd edib.

XS
SM
MD
LG