Accessibility links

Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları və reallıqlar


Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları və reallıqlar
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları və reallıqlar

ATƏT Azərbaycan hakimiyyətini böhtana görə cinayət cəzasının ləğvinə çağırıb

ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının “Medianın özünü tənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda keçirdiyi konfransda “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın yeni variantının təqdimatı olub. Sənəd bu prinsipə əsaslanır: həqiqətə xidmət, dəqiqlik və obyektivlik; informasiya qaynaqlarına sayğılı yanaşma; şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı; jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, ATƏT-ə üzv ölkələrin xəbər almaq, xəbər hazırlamaq və yaymaq azadlığı ilə bağlı öhdəlikləri var. “Ümid edirəm ki, yeni qaydaların qəbulu öhdəliklərin daha yaxşı yerinə yetirilməsinə və Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Jurnalistlərin Peşə Davranış Qaydalarının yeni variantı jurnalist mədəniyyətinin inkişafına səbəb olacaq. O həmçinin “Diffamasiya haqqında” qanunun tezliklə qəbul ediləcəyinə əmindir. “Mətbuat Şurası 2010-cu ili diffamasiya ili elan edib”.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin konfransa göndərdiyi çıxışı səsləndirilib. O Azərbaycan hakimiyyətini böhtana görə cinayət cəzasının ləğvinə çağırıb. “Mən böhtan haqqında repressiv qanunların ləğvinə və mətbuatın müstəqil məsuliyyət sisteminin yaradılmasına tərəfdaram. Şərəf və ləyaqətin qorunması haqqında mövcud qanunvericilik ATƏT məkanında müstəqil KİV-ə təzyiq mexanizmlərindən biridir. O, jurnalistlərin işinə ciddi əngəl törədir, hakimiyyəti tənqiddən qoruyur. Bütün bunlar demokratik cəmiyyətdə jurnalistin öz rolunu yerinə yetirməsinə - korrupsiyanı ifşa etməsinə, siyasi prosesləri işıqlandırmasına və hökuməti tənqid etməsinə mane olur”.
Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, Jurnalistlərin Peşə Davranış Qaydalarına onların redaksiyalarından başlanmalıdır. “Gündə cəmi bir neçə yüz nüsxə satılan qəzetlər haradan maliyyələşir, bunlar öyrənilməlidir”.

Ekspert, Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli Jurnalistlərin Peşə

Davranışı Qaydaları ilə bağlı qəbul ediləcək istənilən sənədin media azadlığı sahəsində mövcud durumu dəyişəcəyinə inanmır. “Azad media olmadan istənilən sənəd duruma təsir edə bilməz”.

Konfransda Mətbuat Şurasının İdarə Heyəti üzvünün iqtidar partiyasının fəalı olması, prezidentin jurnalistlərə mənzil tikintisi üçün 5 milyon manat ayırması, bəzi televiziyaların qara piarla məşğul olması, reket jurnalistikası və başqa məsələlər də diqqət mərkəzində olub. “Reket hüquqi termindir. Bu məsuliyyəti yalnız məhkəmələr müəyyən edir. Odur ki, Mətbuat Şurasının jurnalistləri və ya qəzetləri reket elan etməsi düzgün yanaşma deyil. Reketçilik məsələsi daha çox məmurlara aiddir. Jurnalist reket elan edilirsə, məmur da reket elan edilməlidir”, - deyə Rusiyanın “Naş Dom” hüquq müdafiə təşkilatının nümayəndəsi qeyd edib.
Digər beynəlxalq ekspert, Amerikanın İREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoff Mətbuat Şurasının sədrinə və hökumət rəsmilərinə davranış qaydalarının “jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə yol verməməlidir” bəndi ilə Azərbaycan prezidentinin jurnalistlər üçün ev tikintisinə 5 milyon manat ayırması nə qədər uzlaşır” sualını ünvanlayıb.
Rəsmi hakimiyyət nümayəndələri və Mətbuat Şurası prezidentin sərəncamını dəstəklədiyini nümayiş etdirib.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov bildirib ki, prezidentin ayırdığı vəsait hesabına tikiləcək mənzillər ehtiyacı olan jurnalistlərə hədiyyə ediləcək və bu, gələcəkdə də davam etdiriləcək. “Burada mediaya və jurnalistlərə təsirdən söhbət gedə bilməz. Maliyyənin xərclənməsi və mənzillərin verilməsi şəffaf olacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, prezidentin addımı zərurətdən irəli gəldiyindən Jurnalistlərin Peşə Davranış Qaydalarının pozulması kimi başa düşülməməlidir.

XS
SM
MD
LG