Accessibility links

Azərbaycan məhkəməsi jurnalistin şikayətini təmin etməyib


Azərbaycan məhkəməsi jurnalistin şikayətini təmin etməyib
Azərbaycan məhkəməsi jurnalistin şikayətini təmin etməyib

Eynulla Fətullayev qanunsuz həbsdə saxlanmasına görə kompensasiya tələb edir. Hökumət Avropa Məhkəməsinin jurnalistə kompensasiya ödənilməsi barədə qərarını icra etmir. Jurnalistin vəkilinə təzyiq edilir

Azərbaycan Ali Məhkəməsi jurnalist Eynulla Fətullayevin kassasiya şikayətini təmin etməyib.

Şikayət jurnalistin həbsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından verilib. Kassasiya şikayəti jurnalistin dərhal həbsdən azad olunması və qanunsuz narkotik maddə saxlanması ittihamı üzrə təkrar məhkəmə istintaqının keçirilməsi məsələlərini əhatə edib. Bundan əlavə, cənab Fətullayev əsassız olaraq istintaq altında saxlanmasına görə konpensasiya tələb edib. Dövlət ittihamçısı kassasiya şikayətinin təmin olunmasının əleyhinə çıxış edib, məhkəmə isə şikayəti təmin etməyib və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Vəkili Elçin Sadıqov məhkəmənin qərarını “siyasi sifariş” adlandırıb. Onun fikrincə, məhkəmə şikayəti obyektiv araşdırmayıb.

Xatırladaq ki, bu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi barədə qərarına baxıb.

Eynulla Fətullayev 2007-ci ildə - böhtan və terrorla hədələmə, milli ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə həbs edilib. Bundan əlavə, 2009-cu ilin dekabrında həbsxanada jurnalsitin paltarından narkotik aşkarlanması ilə yeni ittiham əlavə olunub. Ali Məhkəmənin Plenumu Avropa məhkəməsinin qərarını təsdiq edib. Ancaq jurnalist narkotik saxlama ittihamı ilə həbsdə saxlanıb.

Jurnalist Eynulla Fətullayevin vəkili Elçin Sadıqov bu gün ona təzyiqlər edildiyini bəyan edib. “Mənə təzyiqlər edilir ki, jurnalistin müdafiəsindən imtina edim. Amma təzyiqlərə baxmayaraq vəkil vəzifəmi yerinə yetirəcəm və jurnalistin müdafiəsindən geri çəkilməyəcəm”, - deyə o bildirib.

Bununla yanaşı, vəkil təzyiqin kim tərəfindən edildiyini dəqiqləşdirməyib.

O bildirib ki, Avropa məhkəməsinin qərarı ilə jurnalistin ailəsinə verilməli olan kompensasiyanın hökumət tərəfindən ödənilməməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət etmək niyyətindədir.

Avropa Məhkəməsinin qərarıan görə, jurnalist 25 min avro həcmində kompensasiya almalıdır, həmçinin məhkəmə xərclərinə görə ona 2800 avroya yaxın vəsait ödənilməlidir.

Vəkil deyib ki, kompensasiya qərar çıxarıldığı vaxtdan üç ay ərzində ödənilməlidir. “Yubadılan hər günə görə əlavə kompensasiya ödənilməlidir. Avropa Məhkəməsi bu ilin aprelində qərar qəbul edib”.

Jurnalistin atası Emin Fətullayev “Amerikanın səsi” radiosuna bildirib ki, qaydaya uyğun olaraq Beynəlxalq Bankda hesab açıb. “Lakin hələ hesaba pul köçürülməyib”.

O həmçinin deyib ki, indiyədək ona oğlu ilə görüşə icazə verilmir.

XS
SM
MD
LG