Accessibility links

Azərbaycan mətbuatı: Tarix və bu gün (təhlil)


Azərbaycan mətbuatı: Tarix və bu gün (təhlil)
Azərbaycan mətbuatı: Tarix və bu gün (təhlil)

Ölkədə həbsdə olan sonuncu jurnalist, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev bu il mayın 26-da azad edilib. Hazırda, Azərbaycan həbsdə jurnalist olmayan ölkələr sırasına daxildir. Bununla yanaşı, hüquq müdafiəçiləri blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsini pisləyir.

Iyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Rəsmi qurumlar və jurnalist təşkilatları mətbuat gününü qeyd edib. Bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyub.

Medianın mövcud durumu

Ölkədə həbsdə olan sonuncu jurnalist, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev bu il mayın 26-da azad edilib. Hazırda, Azərbaycan həbsdə jurnalist olmayan ölkələr sırasına daxildir. Bununla yanaşı, hüquq müdafiəçiləri blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsini pisləyir.

Hökumət rəsmiləri bir qayda olaraq dövlətin söz və fikir azadlığı üçün hər cür şərait yaratdığını iddia edir. Amma, müstəqil jurnalist təşkilatları və beynəlxalq hüquq-müdafiə təşkilatları bunun əksini deyir.

“Freedom House” təşkilatının “Mətbuat azadlığı-2010” hesabatına görə, Azərbaycan 196 ölkə arasında 171-ci yerdə qərarlaşıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesabatın əsasının olmadığını bildirib. “Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq konstitusiya normasıdır. Bu institutların fəaliyyəti üçün hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir”, - deyə o, Trend agentliyinə bildirib.

Norvecli film ustası Erlinq Borgen isə Azərbaycanda bir həftə çəkiliş apardıqdan sonra videolentləri aeroportda müsadirə edilib. O, Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə mətbuat azadlığının olmadığını deyib. “Azərbaycanda mətbuat azadlığı yoxdur! Faciəvi haldır ki, bu qədər istedadlı, bilikli, ağıllı jurnalistlərin işləməyə yeri yoxdur. Azərbaycanda mətbuat azadlığı yoxdur. Hər şeyə prezident və onun əlaltıları nəzarət edir”, - deyə norveçli jurnalist qeyd edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. “Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalif medianın jurnalistləri təzyiqlərlə üzləşir”.

Onun fikrincə, 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də Gürcüstandan tutulub gətirilmir və jurnalistlərə qarşı fiziki təzyiqlərlə bağlı istintaq işləri nəticəsiz qalır. “Elmar Hüseynovun Gürcüstanda azad yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu iddia edən istintaq orqanları “Azər-Ross” şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir neçə gün ərzində həbs edib ölkəyə gətirdi və bununla özlərini ifşa etdi. Deməli, istintaq özünə lazım olan şübhəlini belə Gürcüstandan gətirə bilir. Amma, Elmarın qatilləri neçə illərdir Gürcüstanda azad yaşayır və onlar tutulmur”, - deyə o bildirib.

Turan Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Həsən bəy Zərdabi və müstəqillik dövrünün azad mediasının yaradıcısı Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləridir. “Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur”, - deyə cənab Əliyev qeyd edib.

Ölkədə blogerlərin işi də asan deyil. Media Hüququ institutunun hesabatında deyilir ki, hazırda sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyev birbaşa ittihamlarla olmasa da, digər ittihamlarla həbsdədir. “Ümumilikdə media və jurnalistlərlə qarşı ifadə azadlığı ilə bağlı 27 məhkəmə işi davam edib. Həmin məhkəmə işlərindən 11-i son yarım ilə aiddir”, - deyə institutun direktoru Rəşid Hacılı bildirib.

Cənab Hacılının sözlərinə görə, jurnalistlərə qarşı fiziki və psixoloji təzyiqlər də davam edir. “Belə ki, 50-dən çox jurnalist basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn 6 əcnəbi jurnalistin fiziki təzyiqlə üzləşməsidir. Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən təzyiqə məruz qalıb. 3 isveçli və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki əcnəbi jurnalist döyülüb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov baş verən istənilən hadisənin medianın ictimaiyyətə çatdıra bildiyini düşünür. “Azərbaycanda mətbuat azadlığı nə Cənubi Amerika, Afrika ölkələri, nə də müharibə gedən Əfqanıstandakı kimi çox problemli, nə də inkişaf etmiş Avropa ölkələri və ABŞ-dakı kimi problemsiz deyil. Problemlər var. Ancaq, hər bir fikri cəmiyyətə çatdırmaq mümkündür”, - deyə o, Amerikanın Səsi radiosuna bildirib.

Cənab Amaşov jurnalistlərə qarşı fiziki təzyiqləri pisləyir və daxili işlər naziri ilə görüşərək baş verənlərin araşdırılıb hüquqi qiymət verilməsini xahiş edib.

Ekspertlər ciddi problemlər kimi mətbuatın iqtisadi durumunun zəif olmasını, reklam bazarının hakimiyyətin nəzarətinə keçməsini, jurnalistlərin əmək haqqının az olmasını da qeyd edir.

Azərbaycanın çap mediası-tarixə baxış

Azərbaycan dilində ilk qəzet olan Əkinçi 1875-ci il iyulun 22-də çapdan buraxılıb. “Əkinçi” qəzetinin 56 nömrəsi işıq üzü görüb. Baş redaktoru Həsən bəy Zərdabi olan qəzet ayda iki dəfə olmaqla 300-400 tirajla nəşr olunub. 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi başlananda türk dilində qəzetin çapı çar Rusiyasını narahat edib və hökumətin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da "Əkinçi"nin nəşri rəsmən dayandırılıb.

“Əkinçi”dən sonra Azərbaycan mətbuatının çiçəklənməsi dövrü 20-ci əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərində Bakıda "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Bakinski listok", "Bakinskiye izvestiya", "Vozrojdeniye", "Hümmət", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", "Dəvət-Qoç" qəzetləri, habelə "Molla Nəsrəddin" jurnalı nəşrə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı üçün hökumət uğurlu addımlar atıb. "Mətbuat haqqında Nizamnamə" qəbul edilib. 1918-ci il iyulun 3-də Azərbaycan hökuməti "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşri haqqında qərar qəbul edib. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin ilk nömrəsi çapdan çıxıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti 27 oktyabr 1920-ci ildə "Mətbuat haqqında" Dekret imzalayıb və bununla da media üzərində rəsmi senzuranın əsası qoyulub. Bu sənədlə 2 ay ərzində Azərbaycanda nəşr edilən 92 qəzet bağlanıb. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan Dövlət Sirlərini Mühafizə edən Baş İdarə yaradılıb, 1933-cü ildən ona mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti verilib.

Nəhayət, 1989-cu il dekabrın 24-də bolşevik hökumətinin süqutu ərəfəsində Nəcəf Nəcəfovun redaktorluğu ilə müstəqillik dövründə Azərbaycanın ilk azad mediası olan “Azadlıq” qəzeti nəşr edilib.

Ədliyyə nazirliyinin məlumatına görə, hazırda ölkədə 4300 nəşr var və onlardan 2800-ü dövlət qeydiyyatına alınıb. Amma, gündəlik nəşrlərin sayı 50-dən çox deyil.

XS
SM
MD
LG