Accessibility links

Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı Alim Qasımov ABŞ-da konsert proqramlarını başa vurdu


Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı Alim Qasımov ABŞ-da konsert proqramlarını başa vurdu

Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı Alim Qasımov ABŞ-da konsert proqramlarını başa vurdu

Dünya şöhrətli sənətçi, muğam ustası Alim Qasımov ABŞ-ın Kronos Kvarteti ilə iki həftədən artıq Amerikada konsert proqramları ilə çıxış edib və master klaslar verib. Müxtəlif ənənələr və ifa tərzlərini təmsil edən Alim Qasımov ansamblı və Kronos Kvartetinin birgə çıxışları mədəniyyətlər və ənənələrin sərhədlərini daha da genişləndirərək, musiqi tənqiçilərinin dediyi kimi, Azərbaycan muğamının inkanlarının hədsiz olduğunu bir daha sübuta yetirir.

Vaşinqtonda keçirilən konsertin repertuarına Alim Qasımov ansamblının müşayiətilə Alim və Fərqanə Qasımovun ifasında muğam parçaları, Kronos Kvartetinin Yaxın Şərq musiqisi təranələri əsasında müasir aranjmanda ifa etdiyi musiqilər, ikinci hissədə isə ansambl və kvartet tərəfindən birgə ifa edilən Azərbaycan muğamları və mahnıları daxil idi.

Konsertlər və master klas proqramları San-Fransisko, Los Anceles, Vaşinqton və başqa şəhərlərdə keçirilib. Alim Qasımov Amerikanın səsinə deyib ki, artıq illərdir dünya şöhrətli violençelist Yo Yo Manın İpək Yolu ansamblı ilə çıxışlardan fərqli olaraq, Kronos kvarteti Azərbaycan mahnı və muğamlarını notlaşdırıb və onları birgə ifa etmək üçün aranjman edib.

Qremmi mükafatının laureatı olan Kronos Kvarteti fərqli mədəni ənənələrin sintezindən ibarət musiqi ifa edən mötəbər bir ansambl kimi tanınır. Alim Qasımov Ansamblı və Kronos Kvarteti arasında yaranmış sənət birliyi Fllodplain Rainbow kimi albomlarda öz əksini tapmışdır.

Kronos Kvarteti və Alim Qasımov ansamblı arasında tanışlıq ilk dəfə 2008-ci ildə Mərkəzi Asiya ölkələrinin musiqi ənənələrini dünyada tərənnüm edən Ağa Xan Musiqi fondunun təşəbbüsü əsasında baş verib.

Fərqanə Qasımova Amerikanın səsinə deyib ki, Kronos Kvarteti ilə işləmək ona maraqlıdır, sanki hər dəfə musiqi yeni bir mərhələyə keçir, qarşıda yeni bir üfüq açılır.

Merilend universitetinin nəzdində mötəbər incəsənət mərkəzinin konsert salonunda keçən konsertdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak etmişdir. Konsertdən sonra musiqiçilərlə görüşən səfir onlara Azərbaycan musiqini ABŞ-da yüksək səviyyədə tanıtdıqlarına görə təşəkkürünü bildirmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG