Accessibility links

Azərbaycan müxalifət partiyasının iki tanınmış funksioneri istefa verib


Azərbaycan müxalifət partiyasının iki tanınmış funksioneri istefa verib
Azərbaycan müxalifət partiyasının iki tanınmış funksioneri istefa verib

Müsavat Partiyasının Məclis sədri və Divan üzvü iki müxalifət partiyasının tez zamanda birləşməsini istəyir

Azərbaycanın aparıcı müxalifət partiyası “Müsavat”ın Məclis sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli partiya sıralarından istefa verib.

Sülhəddin Əkbər və İbrahim İbrahimlinin birgə bəyanatında deyilir ki, potensialı tükənməkdə olan demokratik qüvvələr bir araya gəlməli, ölkədə yaranmış siyasi böhrandan birgə çıxış yolları tapmalı və bu istiqamətdə bütün səyləri birləşdirməlidir. “Mövcud şərtlərdə xalq hərəkatını yarada və onun hərəkətverici qüvvəsi rolunu oynaya biləcək siyasi qüvvə kimi ölkəmizin aparıcı demokratik siyasi partiyaları olan Müsavat və AXCP-nin birliyindən - vahid bir partiyada birləşməsindən yarana biləcək böyük partiyanı görürük”.

Sənəddə bildirilir ki, Müsavat Partiyası başqanının bu istiqamətdəki məlum çağırışları və AXCP-nin ölkədə yaranmış vəziyyətə adekvat qiymət verərək bu çağırışa müsbət reaksiya verməsi, partiya qurultayının heç bir ön şərt irəli sürmədən Müsavatla birləşmə haqqında qərar verməsi çoxları kimi bizi də sevindirdi. “Düşünürdük ki, son seçkilərin ağır nəticələri tərəfləri vaxt itirmədən müzakirələrə başlamağa, birlik istiqamətində konkret addımlar atmağa sövq edəcək və cəmiyyətin gözləntiləri adekvat qarşılanacaq. Lakin, təəssüf hissi ilə qeyd etməliyik ki, bu sevincimiz çox çəkmədi. Müsavat Partiyasında gedən rəsmi və qeyri-rəsmi müzakirələr, nəhayət, partiya Divanının son iclasında aparılan müzakirələr və qəbul olunan qərarlar bizimlə partiya rəhbərliyi arasında Azərbaycanın, demokratik qüvvələrin və Müsavat Partiyasının siyasi inkişaf perspektivi ilə bağlı dərin, strateji fikir ayrılığının olduğunu ortaya çıxardı. Bu, artıq taktiki deyil, qeyd etdiyimiz kimi, strateji xarakterli fikir ayrılığıdır. Biz qeyd olunan ümumi maraqların inkişaf perspektivi baxımından ağır, düzəldilməsi mümkün olmayan nəticələri olacaq bu yanlış qərarın, AXCP ilə vahid bir təşkilatda birləşməyə faktiki olaraq rədd cavabı verilməsinin məsuliyyətini şəxsi maraqları əsas götürən və siyasi qısqanclıqla hərəkət edənlərlə bölüşmək niyyətində deyilik. Bura sözün, eyni zamanda birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat Partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik”, - deyə bəyanatda qeyd edilir.
Öz növbəsində, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, partiyanın tanınmış simalarından Sülhəddin Əkbərin, İbrahim İbrahimlinin partiyadan istefa qərarlarına hörmətlə yanaşırıq. “Eyni zamanda, partiya funksioneri bu şəxslərin indiki həssas məqamda istefa vermələrinə təəssüf edir və bu istefalar müxalifətin inteqrasiyasına xidmət etmir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG