Accessibility links

NATO postsovet məkanındakı münaqişələrin dinc yolla həllinə nail olmaq üçün tərəfləri konstruktivizmə və siyasi iradə göstərməyə çağırır.

Çikaqoda NATO sammiti başa çatıb. Dövlət başçılarının imzaladıqları yekun bəyannamədə Azərbaycanın və digər MDB ölkələrinin ərazi bütövlüyü tanınır.
“Cənubi Qafqazda və Moldovada regional münaqişələr Alyans üçün ciddi narahatlıq mənbəyi olaraq qalır. Biz münaqişənin dinc yolla həllinə nail olmaq üçün tərəfləri konstruktivizmə və siyasi iradə göstərməyə çağırırıq”, - yekun bəyannamədə deyilir.
“Biz regional sabitliyi poza biləcək addımlardan qaçmağa çağırırıq, Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü, suverenliyini, həmçinin mövcud münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında, BMT Xartiyası, Helsinki yekun aktı çərçivəsində həllinə dair dinc səyləri dəstəkləyirik”, - sənəddə vurğulanır.
Bəyannamədə Gürcüstanın NATO-ya qəbulunun dəstəklənməsi təsdiqlənib, Tbilisi ilə Alyansın əməkdaşlığına yüksək qiymət verilib.
Sammit iştirakçıları növbəti dəfə bildiriblər ki, onların yaratdıqları Raket Əleyhinə Müdafiə sistemi Rusiyaya qarşı yönəlməyib və onun “nüvə sipəri” üçün təhlükə deyil.

Azərbaycan Xarici İşlər Nazirliyi NATO-nun yekun sənədini yüksək qiymətləndirir.

“Sammitin Yekun Bəyannaməsinin 47-ci maddəsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib

O həmçinin Azərbaycan NATO və ya hər-hansı digər hərbi bloka daxil olmaq niyyətində olmadığını bəyan edib. Amerikanın Səsi radiosunun “Azərbaycan postsovet məkanında onun təhlükəsizliyi üçün təhlükə yaradan yeni hərbi-siyasi alyans formalaşdırılacağı halda NATO-ya daxil olmaq üçün müraciət edə bilərmi” sualına cavabda cənab Abdullayev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi hər-hansı bloka daxil deyil. “Biz inteqrasiya tərəfdarıyıq, amma bu, üzvlük demək deyil. Hazırda bizim NATO ilə geniş inteqrasiya əlaqələrimiz var. Azərbaycan inteqrasiya üçün açıqdır və NATO ilə inteqrasiyanın genişləndirilməsinin tərəfdarıdır”.
Bu zaman o əlavə edib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatına öz töhfəsini verir. “Azərbaycan ərazisini NATO yüklərinin tranziti üçün açıb. Biz Əfqanıstanda sülhün bərpa edilməsində maraqlıyıq”.

XS
SM
MD
LG