Accessibility links

Azərbaycan Ordusunun səkkiz əsgəri həlak olub


Azərbaycan Ordusunun səkkiz əsgəri həlak olub

Azərbaycan Ordusunun səkkiz əsgəri həlak olub

Hazırda hadisə yerində istintaq qrupu işləyir. Qətlin səbəbləri ilə bağlı məlumat verilmir.

Son iki gündə Azərbaycan Silahlı Qüvvələrinin 8 əsgəri həlak olub. Əsgərlərin 7-si öz əsgər yoldaşları tərəfindən güllələnib. Digər bir əsgər isə Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub.

Azərbaycan Müdafiə nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, fevralın 20-də Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunub. Fakt üzrə Cinayət Məcəlləsinin iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə cinayət işi qaldırılıb. Birgə məlumatda həlak olan 7 əsgərin adları açıqlanıb.

Qeyri-rəsmi mənbələrdən Turan agentliyinə məlum olub ki, faciə Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birində baş verib. Əsgərlərdən biri əsgər yoldaşını öldürdükdən sonra özünü güllələyib. Güllələnənlərdən biri mərhum yoldaşlarının cəsədləri altında qaldığından sağ qalıb.

Agentlik bundan öncə hərbi hissələrdə başa verən iki insidentdən də yazıb. Azərbaycan Silahlı Qüvvələrində əvvəllər də əsgərlərin öz xidmət yoldaşlarını qətlə yetirməsi ilə bağlı hallar olub. Bu hallardan biri 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda baş verib. O zaman iki əsgər dörd nəfər hərbiçi yoldaşını qətlə yetirmişdi, iki nəfəri isə yaralamışdı. Bundan sonra, hər iki əsgər özünü güllələmişdi.
Digər hadisə 2009-cu ilin mayında Şəmkir rayonunda baş verib. Əsgər Orxan Səfərov dörd zabiti və giziri öldürüb, beş əsgəri yaralayıb. O, ömürlük həbs cəzasına məhkum olunub.

Agentlik bildirir ki, belə faciələrə bir qayda olaraq nizamnamədənkənar münasibətlər səbəb olur.

Müdafiə nazirliyinin mətbuat xidmətinin digər məlumatında isə deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində milli ordunun əsgəri, 20 yaşlı Murad Hüseynov həlak olub.

Mətbuat xidmətinin bildirib ki, hadisə fevralın 21-də Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında baş verib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilər 21 nəfər təşkil edib. Ötən müddətdə 7 nəfər yaralanıb və ya xəsarət alıb”.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Media Forum saytına bildirib ki, 2011-ci ildə döyüş itkiləri 3 nəfər, qeyri-döyüş itkiləri 18 nəfər olub: “2 nəfər naməlum səbəbdən, 2 nəfər silahla ehtiyatsız davranmadan, 2 nəfər qar uçqunundan, 2 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma), 2 nəfər xəstəlikdən, 7 nəfər qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 1 nəfər intihar edib. Dünyasını dəyişənlərin 20-si Müdafiə Nazirliyinin, 1-i isə Daxili Qoşunların hərbi qulluqçusu olub”, - deyə o qeyd edib.

XS
SM
MD
LG