Accessibility links

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb

2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6 mlrd. 480 mln. manat həcmində olacaq

Milli Məclis “2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2010-cu ilin yekunlarına əsasən Azərbaycanda ÜDM artımı 6% təşkil edəcək ki, bu da ölkənin “dünya iqtisadi böhranından uğurla çıxmasından” xəbər verir. “İqtisadi artım qeyri-neft sektorunun hesabına təmin olunacaq. 2010-cu ilin yekunları üzrə inflyasiya 5% təşkil edəcək”.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2011-ci ildə Neft Fondundan dövlət büdcəsinə transfert siyasəti davam etdiriləcək. “2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6 mlrd. 480 mln. manat həcmində planlaşdırılıb”.
Maliyyə naziri Samir Şərifov deyib ki, 2011-ci il dövlət büdcəsinin əsas məqsədləri iqtisadiyyatın neftdən asılılığının azaldılması, sosial xidmətlərin effektivliyinin artırılması, regionların inkişafı, vergi yığımının səviyyəsinin artırılması, vergi borclarının azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, yeni müəssisələrin yaradılması, kiçik və orta biznesin dəstəklənməsi, vergi inzibatçılığının gücləndirilməsidir. “2011-ci ilin dövlət büdcəsində neftin bir barelə görə qiyməti $60 hesablanmaqla müəyyən olunub”.
Onun sözlərinə görə, 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 mlrd. 61 mln. manat (və ya ÜDM-in 30%-i) həcmində proqnozlaşdırılır və 2010-cu illə müqayisədə 4,8% artacaq.
Xərclər 12 mlrd. 748 mln. manat həcmində rroqnozlaşdırılır ki (ÜDM-in 31,7%-i) bu da 2010-cu ilin proqnozundan 3,9% çoxdur.
Nazir qeyd edib ki 2011-ci ildə büdcə xərcləri 12 mlrd. 748 mln. manat, o cümlədən kapital xərclər 5 mlrd. 358 mln. manat, xarici və daxili borcun qaytarılması üzrə xərclər 347 mln. manat təşkil edəcək. “2011-ci ildə büdcə xərclərinin 33,3%-i və ya 4 mlrd. 234 mln. manatı sosial xərclər təşkil edəcək. 2010-cu illə müqayisədə onların həcmi 8,8% artacaq”.
2011-ci ildə Azərbaycan müdafiə sahəsinin büdcədən maliyyələşdirilməsinin həcmini 89,7% - 2 mlrd. 511 mln. manata kimi artıracaq.

Maliyyə nazirinin dediyinə görə, “2011-ci ildə dövlət büdcəsindən müdafiəyə 1 mlrd. 325 mln. manatın ayrılması nəzərdə tutulub. Bundan əlavə, ölkənin hərbi potensialının gücləndirilməsinə yönələn xüsusi layihələrin maliyyələşdirilməsinə 1 mlrd. 87 mln. manatın ayrılması planlaşdırılır. Vəsaitin bir hissəsi dövlət investisiya proqramları çərçivəsində ayrılacaq”.
Beləliklə, 2011-ci ildə müdafiə sahəsinin maliyyələşdirilməsinin həcmi 2 mlrd. 511 mln. manat təşkil edəcək ki, bu da 2010-cu ilin göstəricisindən 1 mlrd. 187 mln. manat çoxdur.
Cənab Şərifov əlavə edib ki, 2011-ci ildə müdafiə xərclərinin xüsusi çəkisi büdcə xərclərinin 19,6%-ni təşkil edəcək. Halbuki, 2010-cu ildə bu göstərici 10,7% təşkil edir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, 2010-cu ilin yekunlarına görə Azərbaycanın strateji valyuta ehtiyatları 30 mlrd. dollardan çox olacaq. “2009-cu ilin yekunlarına görə Azərbaycanın strateji valyuta ehtiyatları 20,366 mlrd. dollar təşkil edib. Bir il ərzində bu ehtiyatların artımı 47% təşkil edəcək. 2010-cu ilin 9 ayının yekunlarına görə Azərbaycanın strateji valyuta ehtiyatları 27 mlrd. dollardan çox olub ki, bu da üç il ərzində fasiləsiz idxalı əvəzt etməyə imkan verir”.

XS
SM
MD
LG