Accessibility links

Azərbaycan parlamenti Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edib


Azərbaycan parlamenti Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edib

Azərbaycan parlamenti Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edib

Sənəd hərbi-siyasi və təhlükəsizlik, hərbi və hərbi-texniki, iqtisadi əməkdaşlıq, humanitar məsələlər, ümumi və yekun müddəalardan ibarətdir

Azərbaycan Milli Məclisi bu il avqustun 16-da Bakıda imzalanan “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləni təsdiq edib.

Sənəd hərbi-siyasi və təhlükəsizlik, hərbi və hərbi-texniki, iqtisadi əməkdaşlıq, humanitar məsələlər, ümumi və yekun müddəalardan ibarətdir.

“Biz bu sənədlərin qəbulunu çoxdan gözləyirdik və onlar bizi ruhlandırır”, - deyə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Deputatlar 2010-cu il avqustun 16-da Bakıda Azərbaycan və Türkiyə arasında imzalanmış “Yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması haqqında” birgə bəyannaməni də təsdiq edib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, şuranın tərkibində birgə energetika, təhsil komissiyalarının, Vətəndaş Cəmiyyəti Forumunun təsis edilməsi nəzərdə tutulur. Birgə bəyannamədə hərbi və təhlükəsizlik məsələləri ilə əlaqədar təşkilatlar arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ifadə olunub.

Ekspertlər hər iki sənədin təsdiqini müsbət qiymətləndirir.

Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, sənədin təhlili Azərbaycanın təhlükəsizlik təminatını Türkiyə ilə kooperasiyada, NATO-ya inteqrasiyada gördüyünü ortaya çıxarır. Müqaviləyə görə, tərəflər bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən ittifaq və hərəkətlərdə iştirak etməyəcək, öz ərazisində digər tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edəcək. “Bu Azərbaycanın Rusiyanın aparıcı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirakını qeyri-mümkün edir”, - deyə cənab Sümərinli qeyd edib.

Ekspert hesab edir ki, müqavilə Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığının yeni dövrünü müəyyən edir. “Sənəd həmçinin iki ölkə arasında hərbi texniki əməkdaşlığın və Azərbaycanın müdafiə sanayesinin inkişafına təkan verəcək”.

Azərbaycanın iqtidar və müxalifət partiyaları da müqavilənin parlamentdə təsdiqini müsbət qarşılayır. Həm müxalifət, həm də Iqtidar sənədin ölkənin təhlükəsizliyinin təminatında mühüm qarantiya olacağını düşünür. Müxalifətdə oaln Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, iki dövlət arasında hərbi-siyasi əməkdaşlıq bölgədə sabitliyin yaranmasına müsbət ətsir edəcək.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının fikrincə, sənəd iki dövlət arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Bununla yanaşı, iqtidar və müxalifət partiyaları Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsi məsləsinə ehtiyatla yanaşır.

XS
SM
MD
LG