Accessibility links

Azərbaycan nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlərə hörmət edir və onları icra edir.

Azərbaycan nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlərə hörmət edir və onları icra edir. Bu barədə prezident İlham Əliyev martın 27-də Seulda ikinci nüvə təhlükəsizliyi sammitində çıxışında bildirib.
Regionda nüvə təhlükəsizliyi sahəsində vəziyyətə toxunan cənab Əliyev Ermənistanda 1976-cı ildə tikilmiş müasir standartlara cavab verməyən Metsamor Atom Elektrik Stansiyasına diqqət çəkib. “Seysmik cəhətdən aktiv zonada yerləşən bu stansiya regionda təhlükə mənbəyinə çevrilib”.
Dövlət başçısı müasir dünyada nüvə təhlükəsizliyi çağırışlarına reaksiya verilməsi üçün Seul sammitin səmərəli nəticələri olacağına ümidini ifadə edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatından görünür ki, cənab Əliyev dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olan İranın nüvə proqramı probleminə toxunmayıb.
53 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammit zamanı nüvə terrorizmi təhlükələrinə qarşı mübarizə, atom obyektlərinin terrorçuların mümkün hücumlarından müdafiəsi üzrə birgə səylərə xüsusi diqqət yetirilib. Bundan başqa, yüksək səviyyədə zənginləşdirilmiş uran və plutoniumdan xammal kimi istifadə imkanlarının minimuma endirilməsi məsələləri müzakirə edilib.
Sammit yekun sənədin qəbulu ilə başa çatıb. Növbəti sammit 2014-cü ildə Niderlandda keçiriləcək.

XS
SM
MD
LG