Accessibility links

Zəlzələ nəticəsində 1360 ev və 20 sosial obyekt dağılıb və ya yararsız hala düşüb. Yaralanan və ölən yoxdur.

Prezident İlham Əliyev mayın 9-da Azərbaycanın şimal-qərb bölgəsinə səfərə gedib. Dövlət başçısı mayın 7-də Şəki-Zaqatala bölgəsində zəlzələ nəticəsində dağıntılar baş vermiş kəndlərdə olub, yerli sakinlərlə görüşüb.

Turan Agentliyinin məlumatına görə, İlham Əliyev zəlzələdən zərər çəkmiş Zaqatala və Qax rayonlarının Gözbarak və Güllük kəndlərində əhali ilə görüşüb, Zaqatala şəhərində Fövqəladə Hallar Nazirliyinin qərargahında müşavirə keçirib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mayın 7-də baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində ölkənin şimal-qərbində 1360 ev və 20 sosial obyekt dağılıb və ya yararsız hala düşüb.
Yaralanan və ölən yoxdur. 36 nəfər yüngül tibbi və psixoloji yardım üçün müraciət edib. Evini itirənlər müvəqqəti olaraq çadırlara yerləşdirilib.
Zəlzələnin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında dövlət komissiyası işləyir.
Mayın 9-dan inşaatçılar yeni evlər tikintisinə başlayacaq. Fəlakət zonasına artıq tikinti materialları və texnika göndərilir.

Səhiyyə Nazirliyi Zaqatalaya mütəxəssislərlə yanaşı içərisində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA Agentliyinə bildiriblər ki, zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində qurulmuş çadırlarda müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.
Məlumatda deyilir ki, əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranıb. Bu gərginliyin aradan qaldırılması və zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunub.

Nazirliyin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri müxtəlif xəsarətlərlə müraciət etmiş 50-ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərib, 1 nəfəri isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə edib. Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan xəstəxananın həyətində 2 çadır qurulub və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Həkimlərimizin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmayıb.

XS
SM
MD
LG