Accessibility links

Azərbaycan prezidentinin mətbuat xidməti: Wikileaks-in məlumatlarının heç bir əsası yoxdur


Wikileaks website

Wikileaks website

Azərbaycanın Contact.az internet saytı Wikileaks saytına istinadən Amerikanın Azərbaycandakı səfirliyinin daha bir neçə görüşlə bağlı Vaşinqtona göndərdiyi teleqramların mətnini dərc edib. Hesabatda İranın İnqilab Keşikçilərinin Bakıdakı fəaliyyəti əks olunub

Azərbaycan prezidentinin mətbuat xidməti Wikileaks internet saytının Azərbaycanla bağlı yaydığı məlumatlara münasibət bildirib.

Mətbuat xidmətinin açıqlamasında deyilir ki, saytda Azərbaycan prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. “Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyildir. Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.

Azərbaycanın Contact.az internet saytı isə bu gün Wikileaks saytında istinadən Amerika səfirliyinin Amerika rəsmilərinin Bakıda keçirdiyi daha bir neçə görüşlə bağlı Vaşinqtona göndərdiyi teleqramların mətnini dərc edib.

Contact.az saytı bildirir ki, ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona göndərilmiş 10 diplomatik teleqram arasında keçmiş səfir Enn Dersin 6 mart 2009-cu ildə göndərdiyi məxfi teleqram var. Məktub beynəlxalq sanksiyalara zidd olaraq, İran pullarının Azərbaycanda yuyulması faktlarına həsr edilib.
Məktubda deyilir ki, bir çox iranlılar guya fərdi sahibkarlıqla məşğul olmaqla, İran hökumətinin pullarını Bakıda leqallaşdırırlar. Bu «fərdi» biznes zavod və fabrikləri, firma və şirkətləri, ticarət obyektlərini əhatə edir. Bunun nəticəsi İran İnqilab Qvardiyası üçün avadanlıq alınması, İran hökuməti üçün pul qazanılmasıdır.
İran sahibkarları haqqında məlumat Bakıdakı İran və Azərbaycan mənbələrindən əldə olunub.
Belə biznesmenlər arasında böyük tacir Camal Ələvinin (prezident Əhmədinejadın yaxın qohumu) adı çəkilir. O, "Tavanee Marzneshinan Fedayan" firmasına rəhbərlik edir, Bakıda evi var və tez-tez Azərbaycana, Rusiyaya, Çinə və Qazaxstana səyahət edir.
Onun Lotfi adlı yaxın köməkçisi – İnqilab Qvardiyasının zabitidir, Malayziya, Sinqapur, Türkiyə, Dubay və başqa yerlərdə kəşfiyyat məlumatlarının toplanması və avadanlıq alqısı ilə məşğul olur.
Adil Şəhrəbani – Bakıda Bank Melli İranın keçmiş meneceridir. Bu bankın Bakıda Xalq Bank-la sıx işgüzar əlaqələri var. Şəhrəbani İranın «Məzlumlar Fondu» (Banyadeh Mostazafan) ilə sıx əməkdaşlıq edir.
O, Qarabağdan qaçqın düşmüş Azərbaycanlılara maliyyə yardımı göstərən digər İran fondlarına yardım edir, bəzi ailələrə ayda 300 manata qədər vəsait ayırır.
Bu yaxınlarda Şəhrəbani İrandan 5 milyon dollar nağd pul gətirib. Bu vəsait nağd vəsait şəklində müxtəlif biznes növlərinə yatırılıb.
Kamal Dərviş – İnqilab Qvardiyasının generalıdır. O və üç qardaşı 10 ildir Azərbaycanda işləyir. İranda böyük infrastruktura və özəl yollara malikdir. Nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşlıq edir və onun vasitəsilə Azərbaycanda ən azı 8 yolun (Bakı-Astara, Bakı-Quba və s.) tikintisinə podrat alıb.
Bakıdakı İran mənbələri iddia edirlər ki, Dərvişlər İran kəşfiyyatı ilə əlaqəlidirlər. Bunun sübutu Dərvişin xarici ölkələrə sərbəst gedib-gəlməsidir, baxmayaraq ki, İnqilab Qvardiyasının zabitlərinə bu, qadağan edilib.
Cəmşid Mahmudoğlu – Türkiyə vətəndaşlığı olan İran azərbaycanlısıdır. Bank of Baku-nun böyük səhmdarıdır. İranın sabiq prezidenti Rəfsəncaninin oğlunun iş ortağıdır.
Bakıda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin tərəfdaşı olub. Sonuncunun həbsindən sonra onun payı Ziya Məmmədov və Azərbaycan prezidentinin mühafizə xidmətinin rəisi Vaqif Axundov arasında bölünüb.
Şəhram Oromi – Türkiyə vətəndaşlığı olan İran azərbaycanlısıdır. Ticarət şirkəti var, Yaxın və Orta Şərqdə və Rusiyada fəal işləyir. 1995-ci ildən Hyundai-nin Azərbaycandakı distribütorudur.
Bu yaxınlarda İran rəhbərliyinin göstərişi ilə səhmlərinin böyük hissəsini Bank of Baku-ya satıb.
Ağai Əsgər – ofisi metronun“Nizami” stansiyasının yaxınlığında yerləşən özəl şirkətin sahibidir. Formal biznesi Azərbaycan vasitəsilə Rusiyadan İrana taxta ticarətidir. İranın Bakıdakı Mədəniyyət nümayəndəliyi ilə siyasi məsələlər üzrə sıx əməkdaşlıq edir. O, Bakıda Media Center-də İsrail əleyhinə «İslam dünyası» konfransının təşkilinə kömək edib.
Ağai Əsgərin Bakıda iki evi var və tez-tez İran din xadimləri, İran məmurlarının və İnqilab Qvardiyasının böyük zabitlərinin qohumları üçün qəbullar təşkil edir. İran hökuməti ilə sıx əlaqələri var.
Cəbrail Naved – Azərbaycan Dövlət Neft Şirkəti ilə işgüzar əlaqələri var və neft quyularının qazılması üçün digər materialların qanunsuz ticarəti ilə məşğuldur. O, Naxçıvan vasitəsilə Rusiyadan İrana malların idxalını asanlaşdırmağa yardım edir.
Bakıda «Hüseyniyyə» İran məscidinin rəhbəri Ocaqnecadın yaxın dostudur. Sonuncu İran ayətullahı Meşkininin oğlu və ayətullah Xameneyinin Azərbaycandakı şəxsi nümayəndəsidir.
Səfa Naved – Cəbrail Navedin oğlu – Bakıda Qafqaz Universitetinin məzunudur, hazırda İran səfirliyinin işçisi və İnqilab Qvardiyasının zabitidir. O, Azərbaycanda iranlı tələbələrlə əlaqələrə görə məsuliyyət daşıyır və onları izləyir.
Əsgər Cəbbari – Bakıda iranlılar arasında yaxşı tanınan iki nəfərdən biridir. Rəsmi biznesi İsfahanda İnqilab Qvardiyasına məxsus zavodda istehsal olunan mərmərin idxalıdır.
Sabir Şahin – Azərbaycan vasitəsilə İran və Rusiya arasında narkotik alverçiləri ilə əlaqəsi olan məşhur kriminal fiqurdur. Mərmər dükanı və Bakının mərkəzində kafesi var.
Contakt.az saytı xatırladır ki, bir müddət əvvəl ABŞ maliyyə nazirinin müavini Levi Bakıya gəlib və Azərbaycan hökumətinə sanksiyaları pozaraq, İranla işləyən firma və şirkətlərin, habelə bankların siyahısını təqdim edib.

Sayt bildiriri ki, Wikileaks saytında dərc edilmiş Amerika səfirliyinin növbəti teleqramı səfir vəzifəsini icra edən Ceyson Xaylandın prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü haqqında hesabatı əks etdirir.
İlk söhbət 23 noyabr 2006-cı ildə təkbətək olub və İranla bağlı vəziyyətə aid olub. Diplomatın yazdığına görə, prezident Əliyev kəskin şəkildə bildirib ki, ABŞ hökumətinin İrana qarşı siyasəti özünü doğrultmayıb və o, bu siyasəti başa düşmür. İran özünə arxayındır və özünü rahat hiss edir.
Şəxsi görüşləri zamanı Əhmədinejad Əliyevə bildirib ki, o, nüvə məsələsi ilə bağlı "körpüləri yandırıb" və Əliyevə birbaşa xəbərdarlıq edib ki, hansı ölkə ərazisindən hücuma məruz qalsa, həmin ölkəyə hücum edəcək.
Cənab Əliyev hesab edir ki, İran həmişə Azərbaycana qarşı hansısa addım ata bilər və Bakının siyasəti mümkün riskləri minimuma endirməlidir.
Dekabrın 14-də nazir Məmmədyarovla təkbətək görüşdə nazir bildirib ki, İran hərbi əməliyyatların başlanmasına cavab vermək üçün müxtəlif ssenarilər hazırlayır. Azərbaycan hesab edir ki, İran Xəzərdə Azərbaycanın maraqlarına qarşı təxribatlar edəcək.

Belə təxribatların təzahürü kimi nazir Nardarandakı nümayişi, "Sənət" qəzetində islam əleyhinə məqaləni, İranda Azərbaycan Konsulluğu qarşısındakı mitinqləri qeyd edib. "Bu, bizə bir işarədir ki, onlar Azərbaycanın NATO-ya doğru irəliləməsini gözləməyəcəklər", deyə nazir bildirib. O, həmçinin İranın ali lideri Xameneyinin bu yaxınlarda səsləndirdiyi bəyanatı xatırladıb ki, Azərbaycan NATO ilə münasibətdə rahat olmamalıdır. Nazirin sözlərinə görə, İran Qarabağ münaqişəsinin tənzimlənməsini istəmir, çünki bu, Bakının təzyiq altından çıxmasına imkan verəcək. O, həmçinin hesab edir ki, Rusiya və İranın bu məsələ üzrə mövqeləri bir-birinə yaxındır.
Cənab Məmmədyarov təkrar edib ki, iranlılar müxtəlif "ssenarilər" hazırlayırlar: ABŞ və ya İsrail nüvə məsələsində İrana təzyiqi gücləndirərsə, buna necə reaksiya verəcəklər?
Nazir hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar aparılarsa Azərbaycan bu ölkə üçün "hədəf" olacaq və təxribat üçün ən çox ehtimal olunan yer Xəzər olacaq, belə ki, Xəzərin statusu müəyyən edilməyib və İran burada da fəaldır.
İran həmçinin sosial problemlər yaradaraq, Naxçıvan üçün də çətinliklər yarada bilər (məsələn, avtobusların dayandırılması).
Cənab Məmmədyarov hesab edir ki, İran Qarabağ münaqişəsinin tənzimlənməsini istəmir, çünki bu, Azərbaycanı qüvvətli edəcək, habelə İranın azərbaycanlı əhalisinin suverenliyə marağını artıracaq.
Prezident İlham Əliyev Brüsseldə çıxışında açıq-aşkar bildirib ki, Azərbaycan NATO ilə əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Cənab Əliyev hesab edir ki, əməkdaşlığın genişləndirilməsi və NATO-nun regionda daha çox iştirakı sabitlik gətirəcək.
O NATO-nun Riqa Sammitinin bəyanatının regional münaqişələr haqqında 43-cü maddəsindən çox razıdır, bu, ona NATO ilə əməkdaşlıqda Azərbaycan üçün fayda görməyən müşavirləri nəzarətdə saxlamağa imkan verir.
Diplomat öz hesabatında Tehranın Jomhouri İslami qəzetində ali lider Xameneyinin məqaləsi kimi təqdim edilmiş yazıya diqqət çəkir. Məqalədə Qərbyönlü mövqeyinə görə Azərbaycanın ünvanına hədələr yer alıb.
Ceyson Haylandın öz şərhində bildirilir ki, Vaşinqton Tehranın təcavüzkarlığının artdığını nəzərə alaraq, bu məsələdə Azərbaycanın problemlərinə diqqəti artırmalıdır.

Müstəqil şərhçilər bir çox hallarda Wikileaks saytında dərc edilən hesabatların reallığı əks etdirdiyini bildirib. Maliyyə məsələləri üzrə ekspert Anar Xanbəyli “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda mövcud bankların fəaliyyət göstərdiyini deyib. “Ancaq, bankların səhmdarları arasında hesabatda göstərilən adlar yoxdur. Ola bilər ki, deyilənlər dolayısı ilə təsdiqini tapsın”.

Siyasi şərhçi Şahin Hacıyev siyasi sahə ilə bağlı hesabatların Azərbaycandakı mövcud vəziyyəti tam əks etdirdiyini bildirib. Onun fikrincə, bu hesabatlar təhlükəli tendensiyalar da yarada bilər. “Xüsusilə Azərbaycan-İran, Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətlərində gərginliklər yaşana bilər. Bununla yanaşı, İlham Əliyevin mövqeyi reallığı əks etdirir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG