Accessibility links

Azərbaycan Qoşulmama hərəkatına üzv qəbul edilib


Azərbaycan Qoşulmama hərəkatına üzv qəbul edilib
Azərbaycan Qoşulmama hərəkatına üzv qəbul edilib

Azərbaycan xarici işlər naziri bildirib ki, hərəkatına üzvlük Azərbaycan Respublikasına qoşulmamış ölkələr ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığa imkan yaradacaq.

“Qoşulmama hərəkatı”nın nazirlərinin Balidə keçirilən 16-cı konfransında Azərbaycan bu quruma tam hüquqlu üzv kimi qəbul olunub.

“Qoşulmama Hərəkatına üzvlük Azərbaycan Respublikasına qoşulmamış ölkələr ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığa və daha ədalətli, bərabər və beynəlxalq hüquqa əsaslanan beynəlxalq duruma nail olmaq məqsədilə əlaqələrdə konstruktiv rol oynamasına töhfə verməyə imkan yaradacaq”,- deyə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransda bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, cənab Məmmədyarov daha sonra qeyd edib ki, Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürüdərək, özünü etibarlı tərəfdaş və həmçinin Xəzər-Qafqaz regionunda əməkdaşlıq üçün güclü, stabil və geniş anlayışda həlledici bir ölkə kimi təsbit edib.
1992-ci ilin 2 mart tarixində BMT-yə üzv olduqdan bəri Azərbaycan sülh içində olan, firavan və ədalətli dünyanın qurulmasının əsasını təşkil edən BMT-nin Əsasnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyini davamlı şəkildə nümayiş etdirib. Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub. Mədəniyyətlər arasında körpü və Sivilizasiyalar Alyansının Dostluq qrupunun fəal üzvü kimi Azərbaycan qarşılıqlı hörmət və anlayışa əsaslanan dinlər və mədəniyyətlər arası dialoqu təşviq etmək məsuliyyətini hiss edir.
Bu il Qoşulmama Hərəkatının 50-ci ildönümüdür və təşkilat təsis edildiyi gündə olduğu kimi, bu gün də aktualdır. Soyuq Müharibənin bitməsi heç də qoşulmamış ölkələrinin siyasi əlaqələndirici mexanizmi kimi fəaliyyət göstərən Qoşulmama Hərəkatının rolunu zəiflətməyib.”
Nazirin fikrincə, hərəkat həmçinin iştirakçıların Beynəlxalq Təşkilatların Ali orqanlarına bir-birinin namizədliklərinin dəstəklənməsi və bu orqanlarda fəaliyyətlərinin və qərarlarının əlaqələndirilməsi kimi yeni yolların araşdırılması imkanı verir.
”Yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın balanslaşdırılmış inteqrasiyası, sosial inkişafın və ətraf mühitin mühafizəsi davamlı inkişafın üç ən mühüm hissəsini təşkil etdir. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış məqsəd və vəzifələrin inkişafının həyata keçirilməsinə töhfə verməkdə qərarlıdır. Azərbaycan hamı üçün önəmli olan yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi artımın təşviq edilməsinə, davamlı inkişaf və qlobal çiçəklənməyə tam dəstəyini nümayiş etdirir və mütəmadi səylər göstərir. Belə ki, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, həmçinin təbii fəlakətlərdən zərər çəkmiş ölkələrin bərpası üçün onların xüsusi ehtiyaclarının qarşılanmasına və həssas məqamlara xüsusi əhəmiyyət veririk. Son 5 ildə Azərbaycan müxtəlif regionların bir neçə ölkəsinə geniş humanitar yardım göstərmiş və onların milli inkişaf strategiyalarının həyata keçirilməsinə öz töhfəsini verib”, - deyə nazir qeyd edib.
Sonda cənab Məmmədyarov “Qoşulmama Hərəkatı”nın üzvlərinə Azərbaycanın tam üzvlüyünə dəyərli dəstəyə görə dərin minnətdarlığını bildirib.
“Qoşulmama Hərəkatı”na xarici siyasət kursunun əsasında hərbi-siyasi bloklarda və qruplaşmalarda iştirak etməmək duran ölkələr daxildir. Azərbaycan hərəkatın 119-cu üzvü olub. Maraqlıdır ki, Avropa ölkələrindən əvvəllər yalnız Belarus hərəkatın üzvü idi.

Yerli ekspertlər Azərbaycanın bu hərəkətinin o qədər də ciddi olmadığını düşünür. Çünki, Azərbaycan NATO-ya inteqrasiya etməkdədir və NATO-nun çoxsaylı proqramlarında iştirak edir.

XS
SM
MD
LG