Accessibility links

Azərbaycan qəzeti: Yazıçı Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ehtimalları artır


Azərbaycan qəzeti: Yazıçı Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ehtimalları artır

Azərbaycan qəzeti: Yazıçı Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ehtimalları artır

İran xüsusi xidmət orqanları tərəfindən təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin növbəti epizodlarından biridir.

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 22 yanvar sayında İran kəskin olunub.
“Media forum” saytının məlumatına görə, “Ortaq mənəvi dəyərlər və islam həmrəyliyi ilə bir araya sığmayan addımlar” adlı yazıda deyilir: “Azərbaycan yaxın qonşusu olmasına, mənəvi bağlılıqlara baxmayaraq heç vaxt İranın daxili işlərinə qarışmayıb, bu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Lakin təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının Cənub qonşusu ilə ikitərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq İran Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə büruzə verib! Daim müsəlman birliyindən və həmrəyliyindən danışan bu ölkə öz addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirib. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı “mübarizə aparılır”. İran rəsmiləri bunu ölkə mətbuatının guya müstəqil olması ilə əlaqələndirsələr də, əslində, dünyada əsl azad sözün ünvanları hər kəsə bəllidir.
KİV vasitəsilə müstəqil Azərbaycan dövlətinə qarşı “ideoloji mübarizəsi” bir fayda verməyən İran tərəfi son illərdə davamlı şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqda, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməkdədir. Azərbaycanda guya dini azadlıqların və islam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində antikonstitusion və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunan və İran tərəfindən dəstəklənən cinayət əməlləri buna misaldır. Ümumiyyətlə, Azərbaycanda indiyədək ifşa olunmuş əksər dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib.
Əvvəla, heç kim İrana beynəlxalq dini orbitr rolunu oynamaq səlahiyyəti verməyib. İslam dövləti Azərbaycanın daxili işlərinə yersiz şəkildə müdaxilə etməkdənsə öz daxilindəki siyasi intriqaları çözməklə, nüvə proqramı ətrafında yaratdığı beynəlxalq problemlərini yoluna qoymaqla məşğul olsa, daha yaxşı olar. İkincisi, Azərbaycan xalqı islama daxilən bağlıdır. Hətta sovet imperiyası islamı bizdən ayıra bilmədi. 70 ildə ateizmin təbliğ olunmasına baxmayaraq Azərbaycan cəmiyyəti İranın şah dövründə olduğu kimi mənəvi dəyərlərini itirmədi, Uca Tanrıya sevgi, islama bağlılıq ürəklərimizdən silinmədi. Ona görə qadınlara zorla hicab geydirməklə zahiri müsəlman görüntüsü yaratmaq bizim çağdaş dünyagörüşümüzlə uzlaşa bilməz. Biz islamı hicabla deyil, onun ülvi dəyərlərini mənəvi dünyamızın tərkib hissəsi kimi qəbul etməklə sevirik.
Azərbaycan Respublikasına, onun dövlətçiliyinə və müstəqilliyinə mənfi münasibət ifadə edən fikirlər vaxtaşırı İran KİV-ləri ilə yanaşı, həm də onun ayrı-ayrı siyasətçilərinin, generallarının və ayətullahlarının çıxışlarında da yer alır. Bu çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında hədələyici ruhlu açıqlamaların verilməsi siyasi etik normaların ən kobud şəkildə pozulmasıdır. Son dövrlərdə bu ayətullahların, siyasətçilərin və ictimai təşkilatların dəstəyi və təşkilatçılığı ilə İranın ayrı-ayrı şəhərlərində məqsədli şəkildə Azərbaycan Respublikası ilə bağlı müzakirələrin keçirilməsi adi hal alıb. Sanki bu ölkənin yeganə problemi beynəlxalq miqyasda təklənməsi, iqtisadi sanksiyalarla üzləşməsi, neftinə qoyulan embarqo yox, İran əleyhinə təşəbbüslərə qoşulmayan Azərbaycan dövlətinin varlığıdır. Həmin müzakirələrdə, ayrı-ayrı çıxışlarda Azərbaycanın prezidenti ilə bağlı yer alan sərsəmləmələr isə siyasi əxlaqsızlıqdan başqa bir şey deyil! Əxlaqsızlıq isə islam dəyərləri ilə bir araya heç sığmır!”
Məqalədə qeyd olunur ki, Azərbaycan dövləti ilə təzyiq və hədə dilində danışmaq mənasızdır: “Demokratik dəyərlərin kök saldığı Azərbaycanda hər hansı süni problemin yaradılması da mümkün deyil! Ən azından Azərbaycan vətəndaşının şüur səviyyəsi, dünyagörüşü, həyata baxışı islam radikalizmini, ekstremizmi, köhnəlmiş və cahil həyat tərzini qəbul etmir. Ona görə də İran tərəfinin öz məqsədləri üçün Azərbaycanda həyata keçirməyə çalışdığı istənilən dini və etnik təxribat planı, ayətullahların istənilən sərsəm açıqlaması iflasa məhkumdur. Necə ki, bir neçə gün öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalandı. İstintaqla müəyyən edildi ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturmuşlar.
İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində bu cür təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin növbəti epizodlarından biridir. Eyni zamanda bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır. 2007-ci ildə vəfat edən iranlı ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fətva vermişdi. Onun oğlu Məhəmməd Cavad Lənkərani isə Rafiq Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi”.

XS
SM
MD
LG