Accessibility links

Dövlət Statistika Komitəsi ölkədə bütün istiqamətlərdə inkişaf qeydə alıb. 2010-cu ilin oktyabr ayının 1-nə əhalinin sayı 9077,1 min nəfər təşkil edib və 0,9 % artıb. Ötən ilin 9 ayı ilə müqayisədə əhalinin gəlirləri 11,3 faiz artaraq 17,9 milyon manata çatıb. 2010-cu ilin sonlarına inflyasiya artıımı 2009-cu ilə nisbətdə 5,5-5,6 faiz gözlənilir

Azərbaycanda ümumi daxili məhsul ötən ilin 9 ayı ilə müqayisədə 4,1 faiz artaraq 29,3 milyard manata, o cümlədən qeyri - neft sektorunda ümumi daxili məhsul 5,2 faiz artaraq 12,394 milyon manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən ilin 9 ayı ilə müqayisədə əhalinin gəlirləri 11,3 faiz artaraq 17,9 milyon manata çatıb. “Bir işçiyə hesablanan orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319,1 manata çatıb”.
Cənab Vəliyev bildirib ki, 2010-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorunda artım 5,2 faiz, neft sektorunda isə 2,7 faiz səviyyəsində olub: “Bu ilin sentyabrında inflyasiya 0,9 faiz olub, ümumilikdə isə 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətdə 5,2 faiz təşkil edib. 2010-cu ilin sonlarına inflyasiya artımı 2009-cu ilə nisbətdə 5,5-5,6 faiz gözlənilir".
Komitə sədrinin dediklərinə görə, ölkədə uçotdan yayınma fəaliyyət növləri 9 faiz təşkil edir.

Cənab Vəliyev deyib ki, cari ilin doqquz ayında informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 832,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,4 faiz çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 74,0 faiz təşkil edib.

Onun sözlərinə görə, informasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 67,8 faizi mobil telefon rabitəsindən yaranıb və 2009-cu ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 34,0 faiz artaraq 564,3 milyon manat təşkil edib.
2010-cu il oktyabrın 1-nə 8,6 milyon mobil telefon nömrəsi mövcud olub və keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıb.
Komitə sədri bildirib ki, son illər təhsil sistemində aparılan islahatlar nəticəsində ümumtəhsil müəssisələrinin informasiya və telekomunikasiya vasitələri ilə təchizatı yaxşılaşıb: “Ötən tədris ili ilə müqayisədə 2010/2011-ci ilin əvvəlində məktəblərdə kompüterlərin sayı 1,7 min ədəd artaraq 40,1 minə çatıb. Əgər 4 il əvvəl hər 101 şagirdə orta hesabla bir kompüter düşürdürsə, bu gün orta hesabla hər 33 şagird bir kompüterlə təmin olunub, kənd yerlərində isə 4 il ərzində bu göstərici 208-dən 35-ə çatıb.

Onun sözlərinə görə, 2010-cu il oktyabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin məbləği 2,8 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,0 faiz artıb. “Əmanətlərin 1 245,6 milyon manatı (44,5 faizi) milli, 1 552,7 milyon manatı (55,5 faizi) xarici valyuta şəklində qoyulub və əvvəlki ilə nisbətən müvafiq olaraq 54,8 və 18,1 faiz artıb. Həmin vəsaitlərin 93,3 faizi (2,6 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb”.

Cənab Vəliyev bildirib ki, 2010-cu ilin oktyabr ayının 1-nə əhalinin sayı 9077,1 min nəfər təşkil edib və 0,9 % artıb. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. “Əhalinin 31 faizini gənclər təşkil edir, ömür uzunluğu 73,5 yaş, kişilər- 70,9, qadınlar-76,1 yaş təşkil edir. İlin sonunadək doğulanların sayının 160 mindən artıq olması gözlənilir ki, bu da son 16 ildə ən yüksək göstəricidir”.
Onun dediklərinə görə, bu il 53 min nikah qeydə alınıb və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azdır: “Boşananların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 6,5 min nəfərə çatıb. Bu il ölüm halları da artıb. 41,4 min nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövründə ölənlərin sayı 39,5 min nəfər olub”.

XS
SM
MD
LG