Accessibility links

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb


Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb

Görüşdə tərəflər mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk qrupunun vasitəçiliyi və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdar olduğunu bildirib.

Bu gün Soçidə “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyanın birgə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentlərin görüşün yekunları ilə bağlı yaydığı birgə bəyanatda deyilir ki, dövlət başçıları 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul edilmiş bəyanatın icrası məsələlərini müzakirə edib. Həştərxanda tərəflər hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılığa gəlmişdi.
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk qrupunun vasitəçiliyi və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarıdır.
Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mütəmadi görüşlərinin əhəmiyyətini qeyd edib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin apardığı işə yardımçı kimi, bundan sonra da üçtərəfli formatda danışıqların davam etdirilməsi barədə razılığa gəlinib.

Eyni zamanda, kremldəki bir məlumatlı mənbə İnterfaks agentliyinə bildirib ki, yenilənmiş Madrid prinsipləri əsasında aparılan danışıqlar “çox çətin” şəraitdə davam edib.

Görüşdən öncə Rusiya prezidentinin mətbuat xidmətinə istinadın RİAN agentliyi bildirib ki, tərəflər Dağlıq Qarabağ nizamlanmasının perspektivlərini, əsasən atəşkəs rejiminin möhkəmləndirilməsini və inam tədbirlərini müzakirə edəcək. “Qarşıdakı danışıqlar zamanı üç ölkə liderinin Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərinin müzakirəsini davam etdirəcəyi gözlənilir. 2010-cu il dekabrın 1-də ATƏT-in Astana Sammitində Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin və Azərbaycanla Ermənistan prezidentlərinin qəbul etdiyi birgə bəyanat buna əlverişli şərait yaradır”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Astana bəyanatında Azərbaycan və Ermənistan rəhbərliyi diqqəti mübahisəli məsələlərin həllinə yönəltməyə çağırılır və qeyd olunur ki, münaqişə tərəfləri arasında sülhə nail olmağın yeganə yolu danışıqlardır.

“Təmas xəttində vəziyyətin sabitləşməsi Dağlıq Qarabağ münaqişəsi prosesinə yardım göstərə bilər. Bununla əlaqədar dövlət başçıları Həştərxan bəyanatının reallaşmasının gedişi barədə fikir mübadiləsi apara bilər. Sənəddə qeyd olunur ki, münaqişənin siyasi-diplomatik yollarla nizamlanması atəşkəs rejiminin və hərbi sahədə inam tədbirlərinin möhkəmləndirilməsi üzrə gələcək səyləri tələb edir”, - deyə Kremlin mətbuatxidməti bildirir.

Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsinə həsr olunmuş üçtərəfli formatda səkkizinci görüşdür. İlk görüş 2008-ci il noyabrın 2-də Barvixdə, ikinci - 2009-cu il, 4 noyabr - Sankt Peterburq, üçüncü - 2009-cu il, 18 iyul - Moskva, dördüncü - 2009-cu il, 9 oktyabr - Kişinyov, beşinci - 2010-cu il, 25 yanvar - Soçi, altıncı - 2010-cu il, 17 iyun - Sankt-Peterburq, yeddinci - 2010-cu il, 27 oktyabr - Həştərxan.

Soçi sammitinə hazırlıq müddətində xarici işlər nazirləri səviyyəsində, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrliyi (Rusiya, ABŞ, Fransa) formatında iş aparılıb.

XS
SM
MD
LG