Accessibility links

Azərbaycan təhsil tarixi kitabının təqdimatı olub


Kitabda Azərbaycan təhsilinin Yaxın Şərq və Avrasiyada təhsilin inkişafına verdiyi töhfələr önə çəkilib.

Azərbaycan təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimatı olub. Təqdimat mərasimində Milli Məclisin deputatları, alimlər, ekspertlər, ictimai və siyasi xadimlər iştirak edib.
Kitab 3 cilddən ibarətdir. Birinci cilddə ən qədim dövrlərdən başlayaraq 1920-ci ilədək olan dövr, ikinci cilddə sovet dövrü və üçüncü cilddə müstəqillik dövrünün tarixi əksini tapıb. Kitabda azərbaycan türklərinin geniş coğrafiyada yaşadığı tarixi ərazilərdə təhsil, daş kitabələr, əlifba tarixi, məktəblər (dini məktəblər də daxil olmaqla), görkəmli alimlər, ictimai-siyasi xadimlər haqqında məlumatlar yer alıb. Kitabda Azərbaycan təhsilinin Yaxın Şərq və Avrasiyada təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına verdiyi töhfələr əksini tapıb. 20-ci əsrin əvvəlində Bakıda azərbaycanlı milyoner Hacı Zeynalabdin Tağıyev tərəfindən açılmış qızlar məktəbinin Avrasiya regionunda qadınların təhsilə cəlb edilməsində aparıcı rolu önə çəkilib.
Nəşrlərdə həmçinin siyasi tərəfliliyindən, baxışlarından və dövrlərdən asılı olmayaraq təhsildə rolu olan bütün nazirlər, tanınmış alimlər barədə məlumatlar var. “Çoxcildlik bütün Azərbaycanın təhsil tarixini əhatə edir. Kitab milli ruhda yazılıb, siyasi sərhəd tanımır, ümumtürk təhsil kontekstində yanaşma var”, - deyə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd edib.
Yazıçılar Birliyinin sədri Anarın fikrincə, kitab yalnız təhsil tarixini deyil, həm də Azərbaycan xalqının bütövlükdə mənəviyyat tarixini özündə əks etdirir. “Xalqın mənəvi həyatını onun maarifi, təhsili, ədəbiyyatı və mətbuatı əks etdirir. Kitabda bütün bunlarla bağlı siyasi sərhəd tanımayan geniş araşdırma və tədqiqat işi var. Dini məktəblərdə təhsil alaraq dünya şöhrətli ziyalılarımızın kitabda yer alması mühüm hadisədir”, - deyə o qeyd edib.
YAP sədrinin müavini Əli Əhmədov kitabın Azərbaycanda təhsil strategiyasının gələcək üfüqlərinin müəyyənləşdirilməsində də mühüm rolunu qeyd edib. “Kitab bir tədqiqatçının araşdırması deyil, həm də təhsilin idarəedicisinin ən yaxşı əsəridir. Nəşrdə təhsilin keçmiş tarixi, bu günü və gələcək islahat strategiyası əksini tapıb”, - deyə o vurğulayıb.
Təqdimat mərasimində alimlər, ekspertlər, müxtəlif siyasi baxışlı xadimlər kitabın Azərbaycan təhsil tarixində yeni bir töhfə olduğunu qeyd edib.

XS
SM
MD
LG