Accessibility links

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Urmiyada görüşüb


Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Urmiyada görüşüb

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Urmiyada görüşüb

Urmiya görüşündə ölkələr arasındakı qonşuluq münasibətləri, regionda cərəyan edən proseslər, üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin aprelin 16-da İranın Urmiya şəhərində görüşü olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələr arasındakı qonşuluq münasibətləri, regionda cərəyan edən proseslər, üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Xarici işlər nazirləri səviyyəsində qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadilələrinin davam etdirilməsi məqsədi ilə növbəti görüşün bu ilin oktyabrında Azərbaycanın Naxçıvan şəhərində keçirilməsi barədə razılıq əldə edilib.
Nazirlər görüşün nəticələrinə dair birgə bəyanat qəbul edib.

Sənəddə üç ölkə arasında işbirliyinin dünyada sülhü möhkəmləndirəcəyi deyilir və dövlətlərin ərazi bütövlüyünə hörmətin bölgədə problemlərin həllinə təsir edəcəyi vurğulanır.

Bəyanatda üç ölkə arasında ticarət əlaqələrinin inkişafı və xalqların rifah halının yaxşılaşdırılması vacib sayılıb. Bununla yanaşı ortaq yatırım, daşınma, enerji, turizm, elm və texnologiya sahəsində işbirliyinin gücləndirilməsi də əsas hesab edilib.

Sənədə görə, bu ölkələr arasında ticarət, gömrük işlərinin sadələşdirilməsi, sərhəd keçidinin yaxşılaşdırılması və ortaq şirkətlər vasitəsilə iqtisadi və ticarət əlaqələrinin inkişafı məqsədilə iqtisadi komitə yaradılması nəzərdə tutulur.Xarici işlər nazirliklərinin nəzarətində olacaq komitə vasitəsilə hər üç ölkə vətəndaşlarının səyahət və bir-birilə əlaqlərinin asanlaşdırlması da məqsədlər sırasındadır. Bu ölkələrin ortaq tarixi və mədəni miraslarının tanıdılması məqsədilə ortaq proqramlar hazırlanması da nəzərə tutulur.

Terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrə, insan və silah alverinə qarşı hər üç ölkənin xüsusi xidmət, güc strukturlarının birgə hərəkət etməsi sənəddə qeyd edilir.

Bölgədə baş verən son hadisələrə toxunulan sənəddə hər üşç ölkənin xalqlara qarşı zorakılıqların əleyhinə olması, xalqların sülh və bərabərlik haqlarına sayğı göstərilməsi önə çəkilir. Sənəddə sərhədyanı ticarət, nəqliyyat, daşınma, turizmin inkişafı məqsədəuyğun sayılıb.

Mətbuat xidmətinin məlumatına görə, Urmiya şəhərinə səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb və ikitərəfli münasibətlərin müxtəlif aspektləri diqqət mərkəzində olub. Tərəflər, həmçinin Yaxın Şərqdə cərəyan edən proseslərə dair fikir mübadiləsi aparıb.
Nazir E.Məmmədyarov İranın xarici işlər naziri Ə.Salehi ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq sahələri və qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Nazir Məmmədyarov İranın Qərbi Azərbaycan vilayətinin başçısı Vahid Cəlalzadə ilə də görüşüb.

XS
SM
MD
LG