Accessibility links

Azərbaycan təyyarənin heyət üzvlərinin cəsədini götürə bilmir


Azərbaycan təyyarənin heyət üzvlərinin cəsədini götürə bilmir

Azərbaycan təyyarənin heyət üzvlərinin cəsədini götürə bilmir

İyulun 6-da Əfqanıstanda Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran Azərbaycan komissiyası həlak olmuş heyət üzvlərinin cəsədlərinin hadisə yerindən götürülməsi üçün bütün vasitələrdən istifadə edir. Komissiya üzvləri Əfqanıstandakı beynəlxalq koalisiyanın hərbi vertolyotları vasitəsilə hadisə yerinə iki dəfə istiqamət götürsə də yerdən atəşə tutulub. Talibanla danışıqlar cəhdi də hələ baş tutmayıb.

İyulun 6-da Əfqanıstanın hava məkanında Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus IL-76 yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran Azərbaycan komissiyası Əfqanıstan hökumətinin nümayəndələri ilə birgə həlak olmuş heyət üzvlərinin cəsədlərinin hadisə yerindən götürülməsi üçün bütün vasitələrdən istifadə edir. Amma indiyədək bu sahədə irəliləyiş əldə edilməyib. Talibanla danışıqlar cəhdi də hələ baş tutmayıb.

“Silk Way” aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov Amerikanın Səsi radiosuna bildirib ki, komissiya üzvləri Əfqanıstandakı beynəlxalq koalisiyanın hərbi vertolyotları vasitəsilə hadisə yerinə iki dəfə istiqamət götürsə də yerdən atəşə tutulub. “Bu səbəbdən də komissiya təyyarənin qəzaya uğradığı Pərvənd qəzasının Siyah Gərd əyalətinin Aksan kəndi yaxınlığında dağlıq əraziyə çata bilmir. Bu ərazidə aktiv hərbi əməliyyatlar gedir”.

Qəzanı tədqiq edən komissiyanın sədri İlham Əmirov isə iyulun 9-da bildirib ki, Əfqanıstanda olan komissiya üzvləri birləşmiş hərbi qüvvələrin vertolyotunda ikinci uçuş zamanı hadisə yerinin nisbətən yaxınlığından uça bilib, fotoşəkillər çəkib. Fotoşəkillərdə hadisə yerində cəsədlərin olduğu görünür. Təyyarə təxminən 3800 metr yüksəkliyə düşüb və həmin ərazi təhlükəsizlik baxımdan çətin ərazi hesab edilir.

“Silk Way” aviaşirkətinin nümayəndəsi bildirib ki, həlak olan ekipaj üzvlərinin hər birinin ailəsinə 100 min manat (120 min ABŞ dolları) məbləğində kompensasiya veriləcək. Qəzadan sonra Azərbaycandan Əfqanıstana bütün uçuşları dayandırılıb. Xatırladaq ki, Əfqanıstanın hava məkanı idarəetmə xidmətinin məlumatına görə, iyulun 6-da gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Bəhram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 kilometr uzaqlıqda, 4 kilometr hündürlükdə havada partlayış gördüyünü bildirib. Təyyarədə 9 nəfər heyət (5 nəfər Azərbaycan, 4 nəfər Özbəkistan vətəndaşı) olub.
Bakı-Bəhram marşrutu ilə uçuşu yerinə yetirən təyyarə iyulun 5-də yerli vaxtla saat 21:26-da Bakı beynəlxalq aeroportundan göyərtəsində 18 ton yüklə havaya qalxıb. Bəhrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yükgötürmə imkanı 40 ton olan İL-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevralında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.

XS
SM
MD
LG