Accessibility links

"Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr"(VİDEO)


Library of Congress Lecture on "Azerbaijan and the United States: Pioneer Nations in Women's Suffrage"
Library of Congress Lecture on "Azerbaijan and the United States: Pioneer Nations in Women's Suffrage"

ABŞ Konqresində bu mövzuda mühazirə oxunub

ABŞ Konqresinin kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirənin təqdimatı olub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir. Tədbir ABŞ-ın Qarabağ fondunun dəstəyi ilə keçirilib.

Cennifer Kravçik Azərbaycanda qadın məsələləri ilə yeni məşğul olmağa başlayıb. “Azərbaycanda ABŞ-dan öncə qadınlara səsvermə hüququnun verildiyini öyrənəndə çox təəccüb etdim və bu mövzunu tədqiq etmək istədim.”-deyə o Amerikanın səsinə bildirib.

Məruzəsində Cennifer Kravçik ABŞ və Azərbaycanda qadınların səsvermə hüququnun təmin edilməsi prosesində tarixi faktları işıqlandırdı. O qeyd etdi ki, keçən əsrin əvvəllərində dünyada baş verən hadisələr qadınların öz fundamental hüquqları uğrunda mübarizəsinə təsir qoyurdu. ABŞ-da 1913-1921-ci illər qadınların səsvermə hüququ uğrunda mübarizəsini əks etdirir. Cennifer Kravçik qeyd etdi ki, Birinci Dünya müharibəsinin başlaması ilə Amerika yeni reallıqla qarşılaşdı. Qadınlar artıq bütün sahələrdə çalışır, analar öz övladlarını cəbhəyə göndərir və ölkənin siyasi həyatından kənarda qalmaq istəmirdilər.

Bu dövrdə okeanın o tayında Azərbaycan da dünyada gedən proseslərdən kənarda qalmırdı. 1919-cu ildə müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası yaradıldı. Yeni respublika qadınların fundamental hüquqlarını təmin etdi, o cümlədən, ABŞ və Britaniyadan əvvəl onlara səsvermə hüququ verdi.

Amerikada səsvermə hüququ uğrunda mübarizə aparan qadınların rəsmi mətbuat orqanı “Suffragist” (səsvermə hüquqları tərəfdarı) adlı qəzet idi. Azərbaycanda isə qısa bir müddət-cəmi bir il fəaliyyət göstərən “İşıq” qəzeti çap edilirdi.

Hər iki ölkədə hüquqları uğrunda mübarizə aparan qadınlar geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu. Natiq qeyd etdi ki, Azərbaycanda qadınların xeyriyyə fəaliyyəti cəmiyyətin ziyalı və zəngin təbəqələri tərəfindən dəstəklənirdi. Cennifer Kravçik Amerikada qadınların öz hüquqları uğrunda çətin mübarizə yolu keçdiyini, bu proseslərdə həbs edildiklərini, çətinliklərlə qarşılaşdığı, lakin bu yoldan dönmədiklərini bildirdi. O dedi ki, həm ABŞ, həm Azərbaycanda qadınların təhsili onların hüquqlarının təmin olunması məsələsində önəmli yer alırdı.

Mühazirəçi bunlarla yanaşı Birləşmiş Ştatlar və Azərbaycan arasında fərqləri də göstərdi. O dedi ki, Azərbaycanda şərq dünyasında qadınların səsvermə hüququ ilk olaraq təmin edilsə də, ənənəvi cəmiyyətdə və sovet sistemində yaşayan qadınların innkişafı qarşında maneələr də olurdu. Onun sözlərinə görə, ABŞ-da bu proses davamlı xarakter daşıyıb və bunun nəticəsi olaraq, qadınlar siyasi sistemdə daha geniş təmsil oluna biliblər. Lakin o bildirdi ki, yenidən müstəqilliyini əldə etmiş Azərbaycanda qadınlar inkişafdan bəhrələnir və irəliyə qətiyyətlə addımlayırlar.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG