Accessibility links

Rusiya xarici işlər naziri Azərbaycanda səfərdədir. Tərəflər Xəzər, Dağıq Qarabağ, Qəbələ RLS-in icarəsi, humanitar və başqa əlaqələri müzakirə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. Onun Bakıya səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə təsadüf edir.

Görüşlərin yekunu olaraq keçirilən mətbuat konfransında nazir Lavrov Xəzər hövzəsindən istifadə məsələlərinə xarici oyunçuların müdaxiləsini yolverilməz adlandırıb. “Biz əminik ki, Xəzər dənizindən istifadə ilə bağlı məsələlər bütün 5 Xəzəryanı dövlətin fikrinin nəzərə alınması ilə həll olunmalıdır. Bu mənada Xəzərin hüquqi statusu haqqında konvensiya üzərində işin sürətləndirilməsi xüsusi aktuallıq qazanır. Biz xarici oyunçuların, bu halda Avropa İttifaqının Xəzəryanı dövlətlərə hörmətlə yanaşmalı olduğu qənaətindəyik”, - deyə o qeyd edib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, 5 Xəzəryanı dövlətin prezidentlərinin 2010-cu ilin noyabrında Bakı sammitində qəbul etdiyi qərarların tam yerinə yetirilməli olduğu barədə Rusiya və Azərbaycanın mövqeyi üst-üstə düşür. “Bu, Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin tezliklə qüvvəyə minməsində də, Xəzərin hüquqi statusu üzrə konvensiya hazırlanmasında irəliləyişlərə də aiddir”.
Xatırladaq ki, 2011-ci ilin ilin payızında Avropa İttifaqı Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin tikintisi haqqında danışıqlara start verib. Rusiya və İran Xəzərin hüquqi statusu sahəsində razılığın olmamasına və dəniz ekologiyasına təhlükələrə əsaslanaraq, buna qarşı çıxır.

Azərbaycan və Rusiya xarici işlər nazirləri Azərbaycanın Qəbələ RLS-nin Rusiya tərəfindən icarəsi haqqında sazişin müddətinin uzadılması üzrə danışıqlar prosesinin sürətləndirilməsi məsələsinə də toxunub.

Sergey Lavrov bildirib ki, tərəflər Rusiya Müdafiə Nazirliyi və Azərbaycanın hökumət komissiyası tərəfindən aparılan danışıqların təfsilatına varmadan, danışıqlar prosesinin fəallaşdırılması zərurətini qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi Rusiyanın təkliflərinə baxır. “Anladığım qədər, tezliklə cavab alacağıq”, - deyə o qeyd edib.

Nazir Məmmədyarov həmçinin Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi hökumət komissiyasının yaxın zamanlarda Rusiyanın təkliflərinə cavab verəcəyini qeyd edib. “Bu, danışıqlar prosesidir və əsas odur ki, biz danışıqlar aparırıq”, - o qeyd edib.

Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadəsinə dair Moskvanın 5 il əvvəl təklif etdiyi ideyanın həyata keçirilməsi mümkündürmü? – sualına cavabda cənab Lavrov deyib ki, bu təşəbbüs prezident Buşun dövründə ABŞ-ın üçüncü mövqe ərazisində qlobal RƏM sistemləri yerləşdirmək planları ilə əlaqədar təklif olunmuşdu. Rusiya raketlərin yayılması təhlükələrinin izlənilməsi məqsədi ilə qarşılıqlı olaraq ABŞ-la məlumatları paylaşmağı təklif edirdi. İndi amerikalılar öz RƏM imkanlarının getdikcə artırılması planlarını həyata keçirmək niyyətindədirlər, Rusiya bununla bağlı da narahatlığını bildirib. “Biz dialoq aparmağa və ən müxtəlif variantları müzakirə etməyə hazırıq. Əsas odur ki, iş birgə olsun”, deyən nazir Lavrov əlavə edib ki, Rusiya onun strateji nüvə qüvvələri üçün təhlükə yaradan hazır qərarların ona zorla qəbul etdirilməsinin əleyhinədir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya mətbuatı bildirirdi ki, Azərbaycan Qəbələ RLS-in icarə haqqının illik 7 mln. dollardan 300 mln. dollara qədər artırmağı təklif edib ki, bu da Moskvanın etirazlarına səbəb olub.

Nazirlər Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsini də nəzərdən keçirib.
Nazir Lavrov ötən iyirmi il ərzində tərəflərin mürəkkəb problemlərin, həmçinin dövlət sərhədi probleminin həllinə nail olduğunu vurğulayıb.

O hazırda Rusiyanın 70 regionunun Azərbaycanla əməkdaşlıq etdiyini deyib.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapılmasında maraqlıdır: “Qərar bütün tərəflər üçün qəbul edilən olmalıdır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir”, - deyə cənab Lavrov bildirib. .
Nazirlər 1992-2012-ci illərdə Azərbaycan və Rusiyanın imzaladığı sənədlər toplusunu da təqdim edib.

Müstəqil politoloqlar Rusiyanın Azərbaycana münasibətinin xoşməramlı olmadığını bildirir. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində iki dövlət arasında münasibətlərin inkişafından danışmağı düzgün hesab etmir. Onun fikrincə, Rusiya Cənubi Qafqazda Ermənistanla müttəfiqdir. “Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Bu ölkə bir qayda olaraq Ermənistanı silahlandırıb və Ermənistanı müdafiə edir”.

Politoloq Rusiyanın Azərbaycanın hidrokarbogen ehtiyatlarının qərb bazarlarına çıxarılmasına qarşı olduğunu deyib. “Rusiya və İran Avropa İttifaqı və NATO-nun Cənubi Qafqazda rolunun artmasını bütün vasitələrlə əngəlləməyə çalışır. Transxəzər qaz kəmərinin əleyhinə çıxış edir”, - deyə o qeyd edib.

Cənab Oruclunun fikrincə, beynəlxalq təşkilatlarda da Azərbaycan və Rusiyanın mövqeyində ciddi fərqlər var. “Suriya məsələsi fikir ayrılıqlarının bariz göstəricisidir”.

XS
SM
MD
LG