Accessibility links

Azərbaycan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək


Azərbaycan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək
Azərbaycan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək

Azərbaycan və Türkiyə hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələri inkişaf etdirəcək

Türkiyənin milli müdafiə naziri Vecdi Gönül Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalovla danışıqlar aparıb.

Azərbaycan və Türkiyə müdafiə sahəsində əməkdaşlığın bundan sonra da dərinləşdiriləcəyini bəyan edib. “Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminəm” - deyə prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə nazirləri hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. “Azərbaycanla Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələr inkişaf etməkdədir və gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcək”, - deyə Azərbaycan müdafiə naziri vurğulayıb.

Cənab Gönül də öz növbəsində, Azərbaycanla Türkiyənin müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində geniş əməkdaşlıq etdiyini bildirib. “Bu əlaqələrin dərinləşdirilməsini zəruri hesab edirəm”, - deyə o əlavə edib.

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanın müdafiə sənayesində Türkiyə ilə yüksək səviyyədə əməkdaşlığından danışıb. Nazir eyni zamanda, Türkiyə ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. “Gələcəkdə də bir sıra layihələri Türkiyə ilə birgə reallaşdırmağı planlaşdırırıq», - deyə o bildirib.

Müstəqil ekspertlər Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivinin vacibliyini qeyd edir. Ekspertlər hesab edir ki, Türkiyə Azərbaycan müdafiə qüvvələrinə həm NATO standartlarına uyğunlaşdırılması istiqamətində, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində islahatlara dəstəyini artırmalıdır. Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli hesab edir ki, əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər hüquqi baza var. “Türkiyə tərəfi həmçinin Azərbaycana milyonlarla dollar səviyyəsində yardımlar edib və hərbi təhsilin inkişafına yaxından dəstək verib”.

Ekspertin fikrincə, Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığının perspektivləri dövlətlərarası və NATO - Azərbaycan münasibətləri istiqamətlərini əhatə etməlidir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini vacib sayır. “Cənubi Qafqazın digər iki dövləti hərbi əməkdaşlıq sahəsində prioritetlərini çoxdan müəyyənləşdirib”, - deyə ekspert bildirib.

XS
SM
MD
LG