Accessibility links

Azərbaycan və Türkiyədə siyasi plüralizm problemləri


Azərbaycan və Türkiyədə siyasi plüralizm problemləri
Azərbaycan və Türkiyədə siyasi plüralizm problemləri

“Azərbaycan və Türkiyədə siyasi plüralizmin inkişafı və müasir durumu” mövzusunda keçirilən konfransda Türkiyənin Bahçeşehir Universitetinin rektoru, Azərbaycanın siyasi partiyalarının təmsilçiləri, araşdırma mərkəzlərinin ekspertləri, ictimai xadimlər iştirak edib.

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Azərbaycan və Türkiyədə siyasi plüralizmin inkişafı və müasir durumu” mövzusunda konfrans keçirib. Forumda Türkiyənin Bahçeşehir Universitetinin rektoru, Azərbaycanın siyasi partiyalarının təmsilçiləri, araşdırma mərkəzlərinin ekspertləri, ictimai xadimlər iştirak ediblər.
Məruzələrdə Türkiyə və Azərbaycanda siyasi plüralizmin qanunvericilik əsasları, reallıqlar, beynəlxalq münasibətlərin və cəmiyyətin bu prosesdə rolu ilə bağlı məsələlərə toxunulub.
“Türkiyə və Azərbaycan siyasi plüralizmin mürəkkəb dövrünü yaşayır. Azərbaycan uzun müddət təkpartiyalı rejimdə yaşayıb və 1991-ci ildə 1918-1920-ci illərdə mövcud olan çoxpartiyalı sistemi bərpa edib, Türkiyədə isə 1946-cı ildə çoxpartiyalı sistemə keçib. Hazırda da hər iki cəmiyyət siyasi plüralizm baxımından çətin durumdadır”, - deyə Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva qeyd edib.
Türkiyənin Bahçişehir Universitetinin rektoru Yılmaz Əsmər dünyada təkmillətli, təkdinli, tək siyasi baxışlı cəmiyyətlərin olmadığını deyib. “Əsas problem plüralist cəmiyyətlərin sülh və dinc şəraitdə birgə yaşayışı ilə bağlıdır. Türkiyədə də bu problem yaşanır, ələvilərlə, qeyri-müsəlmanlarla, kürdlərlə, hətta ateistlərlə bağlı problemlər yaşanmaqdadır”.
O, eyni zamanda, Türkiyə cəmiyyətində qanunvericiliklə xalqın düşüncəsi arasında da fərqlərin olduğunu diqqətə çatdırıb. “Qanunlarda bütün insanlar dinindən, dilindən, siyasi baxışından, sosial durumundan, millətindən asılı olmayaraq bərabərdir. Ancaq 10 milyon ələvinin dini inancları qəbul edilmir. Siyasi rəhbərlər isə danışanda inancıl insanlara istinad edir, amma ateistlərin adını belə çəkmir. Yüksək vəzifələrdə və parlament deputatları arasında isə qeyri millətlərin nümayəndələri, demək olar ki, yoxdur. Əslində isə plüralizm çoxluğun hüquqlarının təminatı ilə yanaşı, azlığın da hüquqlarının təminatı deməkdir”, - deyə o qeyd edib.
Azərbaycan və Türkiyədə siyasi plüralizmə nəzər salan ekspertlər hər iki cəmiyyətdə çoxqütblülükdən daha çox ikiqütblülüyün hakim olduğunun narahatlıq yaratdığını deyib. “Türkiyədə və Azərbaycanda hazırda iqtidar və müxalifət daha çox radikallaşıb. Müxalifət deyəndə yalnız siyasi partiyalar nəzərdə tutulmur. Əslində bütün cəmiyyət strukturlaşıb”, - deyə politoloq Hikmət Hacızadə qeyd edib.
Tarixçi alim İradə Bağırova Azərbaycanda siyasi plüralizmin tarixindən danışıb və ölkədə ilk siyasi partiyaların 1905-ci ildən başlayaraq yarandığını deyib. “1917-ci ildə Azərbaycanda 30-dan çox siyasi partiya, 60-dan çox qəzet nəşr edilirdi. Sovet İttifaqı dağıldıqdan sonra isə 1991-ci ildən başlayaraq ölkədə siyasi partiyaların sayları artmağa başladı. Hazırda əsas iqtidar və müxalifət partiyaları var. Əgər 1918-ci ildə parlamentdə 11 fraksiya var idisə, indi Azərbaycan parlamentində əsas müxalifət partiyalarının bir deputatı belə yoxdur. Görünür, Azərbaycan 100 il bundan öncə indikindən daha plüralist idi”, - deyə o qeyd edib.
Forumda hər iki cəmiyyətdə demokratiya ilə insan haqları sahəsində problemlər də diqqət mərkəzində olub. “Türkiyə cəmiyyəti bu günki siyasi plüralizmə azad və ədalətli seçkilər, hökumətlərin seçki yolu ilə problemsiz dəyişməsinə görə İsmət Paşanın xidmətlərini yüksək tutur. İsmət Paşanın məşhur bəyanatı belədir: Müxalifətə keçmək mənim ən böyük zəfərimdir”, - deyə Yılmaz Əsmər bildirib.
Politoloq Hikmət Hacızadə isə deyib ki, bir zamanlar Türkiyə və Azərbaycanı liderlər irəli aparırdı. “İndi bu cəmiyyətlərdə xalq liderləri irəli aparır. Amma onların hara gedəcəkləri bəlli deyil. Daha çox keçmişə qayıdış baş verir” - deyə o qeyd edib.

XS
SM
MD
LG