Accessibility links

Azərbaycan vətəndaş cəmiyyəti informasiya azadlığını məhdudlaşdıran sənədləri pisləyir


“İnformasiya əldə olunması haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara düzəlişlər edilir.

Azərbaycanın vətəndaş cəmiyyəti elə etməlidir ki, informasiya azadlığını məhdudlaşdıran düzəlişlərin qəbuluna yol verilməsin. Bu gün Media Hüququ İnstitutunun (MHİ) keçirdiyi debatın leytmotivi belə olub. Debat “İnformasiya əldə olunması haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara düzəlişlər layihələrinə həsr olunub.

Düzəlişlərin mahiyyəti vətəndaşların iqtisadi və maliyyə xarakterli informasiyalara, əsasən hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalında payı haqda məlumatlara çıxışının məhdudlaşdırılmasından ibarətdir. Düzəlişlərin iyunun 12-də parlamentin iclasında qəbul ediləcəyi gözlənilir.
”Demokratik dövlətlərdə informasiyaya məhdudiyyət yalnız dövlət təhlükəsizliyi, ərazi bütövlüyü, cinayətkarlıqla mübarizə, vətəndaşların hüquqlarının və digər azadlıqların müdafiəsi maraqlarından həyata keçirilir”, - deyə MHİ-nin direktoru Rəşid Hacılı qeyd edib.
Lakin, praktik olaraq dünyanın heç bir ölkəsində, hətta ofşor zonalarda şirkətin sahibləri, onların nizamnamə kapitalındakı payı və digər reyestr məlumatlarının əldə olunmasına qadağa yoxdur. Bu, mütəşəkkil cinayətkarlıqla mübarizə, şəffaflığın təminatı, həmçinin təsərrüfat subyektləri arasında inam məqsədilə lazımdır.
Təklif edilən düzəlişlər konstitusiya və Azərbaycanın beynəlxalq öhdəlikləri tərəfindən zəmanət verilmiş açıq cəmiyyət prinsipinə ziddir. Bundan əlavə, bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyası çərçivəsindən kənara çıxır.
REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov diqqəti məsələnin siyasi kontekstinə yönəldib. O işarə edib ki, düzəlişlər bir sıra jurnalist araşdırmalarından sonra hazırlanıb.
Cənab Məmmədov bildirib ki, iyunun 12-də REAL hərəkatı etiraz olaraq parlamentin qarşısında piket keçirəcək.
“İqtisadiyyata Yardım” təşkilatının rəhbəri Zöhrab İsmayıl düzəlişlərin qəbulunun mümkün nəticələrini qeyd edib. “Məsələn, əvvəllər dövlət satınalmaları üzrə tenderlərin qalibləri elan olunanda müsabiqədə qalib gələn şirkətin təsisçiləri barədə Vergilər Nazirliyindən məlumat almaq olurdu. İndi Vergilər Nazirliyi yeni qanunvericiliyə əsaslanaraq bundan imtina edəcək. Vətəndaş cəmiyyəti mübarizəni davam etdirməlidir, hətta parlament düzəlişləri qəbul etsə də, prezident vetosu mexanizmi də var”.
REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli diqqəti ona yönəldib ki, yeniliklər nəinki jurnalistlərin işini çətinləşdirəcək, həm də sahibkarlığa və ümumilikdə ölkə iqtisadiyyatına zərbə olacaq. “Xarici şirkətlər reyestr məlumatlarında şəffaflıq olmadığına görə yerli tərəfdaşlarla iş görmək istəməyəcək”.
Media eksperti Ələsgər Məmmədli təklif edilən düzəlişlərin konstitusiyaya zidd olduğunu qeyd edib. Belə ki, hüquq və azadlıqlar konstitusiyada yazıldığından çox məhdudlaşdırıla bilməz.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova bildirib ki, düzəlişlər “2012-ci il sindromu” ilə bağlıdır. Onun sözlərinə görə, 2012-ci ildən sonra neft hasilatı və müvafiq olaraq ölkənin gəliri azalmağa başlayacaq və hakim elita yəqin ki, mütəşəkkil cinayətkarlıq metoduna əl atacaq. ”Dünya praktikasından məlumdur ki, cinayətkar gəlirlərin mənbələri silah, insan alveri olur. Reyestr məlumatları haqqında informasiyanın açıqlanmasına qadağa qoyulması bu cür cinayətkar fəaliyyət üçün əlverişli zəmin yaradır”.
O, diqqəti ona yönəldib ki, bütün sivil dünyada şəffaflıq prosesi gedir. “Türkiyədə qəbul edilən qanun şirkətin öz təsisçiləri haqda məlumatları İnternetə qoymamasını cinayətkarlıq hesab edir. Odur ki, düzəlişlərin qəbulu Azərbaycanda kriminal dövlətin qurulmasına gətirib çıxara bilər”.
”İqtisadi Təşəbbüslərə Yardım” Mərkəzinin rəhbəri Azər Mehdiyev hakimiyyətin informasiyaya çıxışın məhdudlaşdırması ilə bağlı ümumi tendensiyanı qeyd edib. Belə ki, yerli icra hakimiyyətləri haqqında əsasnamədə rayon administrasiyalarının rəhbərləri cəmiyyətə informasiyanın təqdim edilməsini məhdudlaşdıra bilər. Bu zaman, rayon rəhbərlərinin prezident qarşısında şəxsi məsuliyyəti göstərilir. Ekspert bunu nonsens adlandırıb, çünki istənilən məmur qanun qarşısında məsuliyyətli olmalıdır.
RATİ-nin direktoru Emin Hüseynli təəssüflə qeyd edib ki, beynəlxalq maliyyə təşkilatlarının yerli ofisləri hazırlanan düzəlişlərdən xəbərdar ola-ola bunu yerli ictimaiyyətdən gizlədib və düzəlişlər barədə çox gec məlumat olub.
Görüşün yekunlarına əsasən 10 QHT düzəlişləri pisləyən və onları parlamentin müzakirəsindən çıxarılmasının vacibliyini nəzərdə tutan bəyanat qəbul edib. Sənəd müəllifləri qeyd edirlər ki, hətta düzəlişlər qəbul olunsa belə, onları ləğv etmək lazım gələcək, çünki dünyada mənfi rezonans doğuracaq.

XS
SM
MD
LG