Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı xalqı seçkilərdə fəal olmağa çağırıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı xalqı seçkilərdə fəal olmağa çağırıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı xalqı seçkilərdə fəal olmağa çağırıb

AXCP hökuməti korrupsiyada, bütpərəstlikdə, azadlıqları məhdudlaşdırmaqda günahlandırıb. Rəsmi hakimiyyət isə deyilənləri təkzib edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 5-ci (8-ci) qurultayı olub. Qurultayda 497 nümayəndə yüzdən çox qonaq iştirak edib.

Partiyanın Ali Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal!” və xalq hərəkatının lideri Əbülfəz Elçibəyin “Bizim bir yolumuz var, o da demokratiyadır!” şüarları altında keçirilib. Qurultay ölkənin aparıcı müxalifət partiyaları AXCP və “Müsavat” partiyalarının birləşmək ideyasını dəstəkləyib.

Forumda Azərbaycan iqtidarı kəskin tənqid edilib və ona qarşı ciddi ittihamlar irəli sürülüb. AXCP sədri Əli Kərimli iqtidarı korrupsiyada, insan haqlarını pozmaqda, söz azadlığını məhdudlaşdırmaqda günahlandırıb. “Azərbaycan cəmiyyəti iqtidardan kütləvi narazıdır və çıxış yolunu yalnız demokratik cəmiyyətdə görür”.

AXCP sədri ölkədə sosial-iqtisadi durumun ağır olduğunu deyib. Cənab Kərimli dövlət başçısının iqtisadi siyasətinin, kadr siyasətinin xalqın əleyhinə yönəldiyini bildirib. “Artıq 700 min iş yeri və analoqu olmayam iqtisadiyyat bəyanatları insanlar tərəfindən lətifə kimi qarşılanır”.

Cənab Kərimli “Bütlərə, heykəllərə milyardlar, pensiyaçılara 10 manat!” şüarını irəli sürərək minimum pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumətin son qərarına istehza edib.

AXCP sədri iqtidarın söz azadlığına qalib gələ bilmədiyini də qurultayın diqqətinə çatdırıb. “Elmar Hüseynovun qətli, Eynulla Fətullayev, Qənimət Zahid, Mirzə Sakit və blogerlər Emin Milli və Adnan Hacızadənin həbsi hakimiyyəti, oliqarxları tənqid edən medianın susdurulmasına yönəldilmişdi. Amma jurnalistlərə qarşı təzyiqlər iqtidarın özünə qarşı yönəldi, onların xaricdəki mülkləri, korrupsiya əməlləri daha çox dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. İndi elə bir mötəbər məclis yoxdur ki, Azərbaycan iqtidarının xalqa qarşı yönəlmiş hərəkətləri tənqid edilməsin”.

AXCP və Müsavat partiyalarının birləşmək ideyası qurultay tərəfindən razılıqla qarşılanıb. Cənab Kərimli, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy ideyasının daşıyıcısı olan siyasi partiyaların birləşməsini hazırkı iqtidara qarşı fəal mübarizənin ən yaxşı yolu adlandırıb. “Bu ideyanın daşıyıcıları yalnız siyasi partiya üzvləri deyil, iqtidarın siyasətindən narazı olan, demokratik gələcəyi istəyən milyonlardır”.

“Müsavat” partiyasının başqanı İsa Qəmbər də iqtidarı kəskin tənqid edib. O iki partiyanın birləşməsinin parlament seçkilərindən sonra reallaşmasının mümkünlüyünü diqqətə çatdırıb. “Hazırda AXCP-Müsavat seçki bloku seçki demokratiyasının inkişaf etdirilməsinə çalışır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V (VIII) qurultayı ölkədəki sosial-iqtisadi, insan haqları, Qarabağ problemi, parlament seçkiləri ilə bağlı qətnamələr qəbul edib.
Ölkənin sosial-iqtisadi vəziyyətinə dair qətnamədə vacib sosial-iqtisadi problemlərin həll edilmədiyi, əhalinin gəlirlərinin azaldığı, iqtisadiyyatda geriləmələrin baş verdiyi, neftdənkənar iqtisadiyyatın yox dərəcədə olduğu qeyd edilir. ÜDM-in 52%-nin, büdcə gəlirlərinin 70%-nin, ixracatın 87%-nin neftdən asılı olduğu əksini tapır. Neft gəlirləri və dövlət büdcəsi hesabına icra edilən layihələrdə korrupsiyanın kütləvi hal aldığı, kiçik və orta sahibkarların qanunsuz yığımlara məruz qaldığı, milyardlarla gəliri olan ölkənin 2 milyon vətəndaşının çörək üçün qürbətə getdiyi vurğulanır.
Kür-Araz regionunda sel daşqınlarının 10 minlərlə insanı qaçqın salması, bu insanların problemlərinin həll üçün Fövqəladə Hallar Nazirliyinə 252 milyon manat vəsaitin tendersiz ayrılması iqtidarın fəlakətə korrupsiya mənbəyi kimi baxması hesab edilir.
Dövlət binalarının təmirinə, “şəxsiyyətə pərəstiş layihələri”nə (Heydər Əliyev mərkəzi, H.Əliyev parkları, muzeyləri) milyardlar xərcləndiyi halda xalqın əmək və pensiya haqlarının cəmi 10 manat artırılması qarşıdakı parlament seçkilərində insanları aldatmaq cəhdi sayılır.
Buna əsasən qurultay xalqın yaxşı yaşaması haqda iqtidar məlumatlarını yalan sayır, qeyri-neft sektorunun dağıldığını, neft hasilatının 4 dəfə artmasına baxmayaraq, vəziyyətin müsbətə doğru dəyişmədiyini, xalqın kütləvi yoxsullaşdığını bəyan edir.
Çıxış yolu kimi isə iqtidara büdcə gəlirləri strukturunu təkmilləşdirmək, işsizlik problemini aradan qaldırmaq, sahibkarları özbaşınalıqdan qorumaq, idarəetməni bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, dünya iqtisadi sisteminə inteqrasiyanı gücləndirmək təklifləri verir.
İnsan haqları və azadlıqları ilə bağlı qətnamədə avtoritar sistemin insan haqlarını kobud şəkildə pozmaqda davam etdiyi, əsas siyasi partiyaları fəaliyyətdən məhrum etdiyi, jurnalist və blogerləri həbsə aldığı, söz və ifadə azadlığının ciddi təhlükə altına düşdüyü vurğulanır. Qurultay həbsdə olan jurnalist və blogerlərin azad olunmasını tələb edir.
Qarabağ problemi ilə bağlı qətnamədə problemin həllini tapmaması əölkədə demokratiyanın olmaması ilə əlaqələndirilir. Qətnamədə problemin həllilə bağlı “Madrid prinsipləri” və xüsusilə onun 4-cü bəndi (Dağlıq Qarabağda referendum) kəskin pislənilir. Qurultay iştirakçıları problemin ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tələb etməklə yanaşı, korrupsiyaya uğramış ölkə iqtidarının mövqeyinin zəifliyinin beynəlxalq miqyasda Azərbaycanın mövqeyinin zəifləməsinə səbəb olduğunu qeyd edir.

Parlament seçkiləri ilə bağlı qətnamədə ilkin olaraq ölkədə demokratik seçki üçün şəraitin olmadığı qeyd edilir. ATƏT-in və AŞ-nin Seçki Məcəlləsinə təklif etdiyi əlavə və düzəlişlərin qəbul edilmədiyi, seçki prosesi müddətinin kəskin azaldığı, sərbəst toplaşma, söz və ifadə azadlığının təmin olunmadığı, insanların əqidələrinə görə həbs olunduqları bildirilir. Sənəddə deyilir ki, demokratik seçki şəraiti olmamasına baxmayaraq, AXCP xalqı seçkilərdə fəal olmağa çağırır.

Öz növbəsində, rəsmi hakimiyyət bir qayda olaraq müxalifətin tənqidlərini əsassız adlandırır. Hakimiyyət hökumətin fəaliyyətinin şəffaf, xalqın sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına yönəldiyini qeyd edir. Hökumət həmçinin söz, fikir və media azadlığının tam bərqərar olduğunu bəyan edir.

XS
SM
MD
LG