Accessibility links

Azərbaycan yardımı Somali qaçqınlarına paylanıb


Azərbaycan yardımı Somali qaçqınlarına paylanıb
Azərbaycan yardımı Somali qaçqınlarına paylanıb

10 iş günü ərzində Azərbaycanda 72 min dollardan çox maliyyə vəsaiti toplanıb.

Azərbaycanda keçirilən “Somaliyə yardım əlini uzat” humanitar kampaniya çərçivəsində Somalinin Keniya ilə sərhəd ərazisində yerləşən somalilərədən ibarət qaçqın düşərgəsində kütləvi aclıq səbəbindən ölkələrini tərk etmiş 2000 ailəyə bir aylıq ərzaq paketi verilib.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən APA-ya verilən məlumata görə, bu aksiya DƏ-İKGF nümayəndələri və başqa beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilib.
Somali qaçqınlarına paylanan paketlərdə 5 nəfərdən ibarət hər bir ailəyə bir aylıq ərzaq ehtiyatı var. Ramazan bayramından sonra başlanmış ərzaq məhsullarının alınıb-paylanması prosesi bir neçə gün öncə sona yetib. DƏ-İKGF-nin Baş Ofisinin nümayəndələri dünən Keniyadan İstanbula dönüblər.
DƏ-İKGF baş katibi, səfir Elşad İskəndərovun sözlərinə görə, ilk dəfə olaraq Forum tərəfindən həyata keçirilən humanitar aksiyanın uğurla həyata keçməsinə baxmayaraq, qaçqın düşərgələrində yaşayan somalililərin vəziyyəti ağır olaraq qalmaqdadır: “İlk növbədə, əhali ərzaq, xüsusilə su çatışmazlığından, dərman azlığı səbəbindən yayılan xəstəliklərdən, sosial şəraitlərin faktiki yoxluğundan əziyyət çəkir”.
Qeyd edək ki, müqəddəs Ramazan ayında Somalidə kütləvi aclıqdan əziyyət çəkən əhaliyə yardım məqsədilə DƏ-İKGF-nin təşəbbüsü ilə Azərbaycanda beynəlxalq humanitar kampaniyaya start verilib. Kampaniyanın əsas məqsədi Azərbaycanda somalililərə yardım etmək istəyən insanlardan müvafiq maliyyə yardımlarının toplanıb bu ölkəyə çatdırılmasını təmin etmək olub. Kampaniya zamanı Ramazan ayının 10 iş günü ərzində Azərbaycanda 72 min dollardan çox maliyyə vəsaiti toplanıb.

XS
SM
MD
LG