Accessibility links

Azərbaycan Ziyalılar Forumu Rafiq Əliyevin vəzifədən uzaqlaşdırılmasını pisləyir


Azərbaycan Ziyalılar Forumu Rafiq Əliyevin vəzifədən uzaqlaşdırılmasını pisləyir

Azərbaycan Ziyalılar Forumu Rafiq Əliyevin vəzifədən uzaqlaşdırılmasını pisləyir

Rafiq Əliyev qeyri-səlis modellər, avtomatik idarəetmə, dünya elminin son nailiyyəti olan kompüter texnologiyaları ilə məşğul olur.

Azərbaycan Ziyalılar Forumu dünyada tanınmış alim Rafiq Əliyevin vəzifəsindən azad edilməsini pisləyən bəyanatla çıxış edib. Alim Azərbaycan Ziyalılar Forumunda hökuməti islahata səsləyən çıxışından sonra vəzifəsindən uzaqlaşdırılıb.

Ziyalılar Forumunun bəyanatında deyilir: “Rafiq Əliyevin Neft Akademiyasında “Avtomatlaşdırılmış İdarəetmə Sistemləri” kafedrasının müdiri vəzifəsindən azad edilməsi haqqında məlumatı təəccüb və təəssüflə qarşıladıq.

Rafiq Əliyev dünya elminin nailiyyəti sayılan böyük uğurlar əldə edib. Qeyri-səlis modellər, avtomatik idarəetmə, dünya elminin son nailiyyəti olan kompüter texnologiyaları ilə məşğul olan bu böyük elm adamı sözün tam mənasında dünya elminin üfüqlərini genişləndirib və Azərbaycan elmini yüksək bir zirvəyə qaldırıb. O, əldə etdiyi böyük nailiyyətlərlə Azərbaycan elminin tarixini yaradıb. Təkcə onun rəhbərliyi ilə müdafiə etmiş elmlər doktorları və namizədlərin siyahısına diqqət yetirilsə, Azərbaycan elmində Rafiq Əliyevin hansı böyük zirvədə dayandığının şahidi olmaq olar. Onun adı bu gün dünyada innovasiya texnologiyalarının müasir inkişafını təmin edən 3-5 elm nəhəngi ilə birgə çəkilir. Bir anlığa diqqət yetirək, Rafiq Əliyevin kitabları və dərslikləri haralarda nəşr edilir: Nyu Cersi, London, Sinqapur, Honq-Konq, Köln, Moskva və digər böyük elmi mərkəzlər.

Dünyanın onlarla böyük universitetləri, hətta kompüter texnologiyalarının vətəni olan ölkələrdə bir sıra universitetlər belə, dünya elminin bu son nailiyyətlərini Rafiq müəllimin dərslikləri əsasında tədris edir. Belə, dünya şöhrətli bir alimdən elmin və tədrisin inkişafında axıra qədər yararlanmaq əvəzinə, biz onun Neft Akademiyasında tutduğu vəzifədən azad olmasının şahidi oluruq. Azərbaycan “analoqsuz” göstəricilər ölkəsidir, lakin doğrudan da dünyanın yararlandığı bir alimin siyasi mülahizələrə görə elm və təhsil müəssisəsindən uzaqlaşdırılmasının dünyada analoqunu tapmaq çətin bir məsələdir.

Əslində, Rafiq müəllim həmişə öz prinsipial vətəndaş mövqeyinin “ziyanını” çəkir. Bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildiyi halda, onun qanuni seçkisinin nəticələri qeyri-qanuni şəkildə ləğv edilib. Bu vəziyyəti müşahidə etdikdə təbii bir sual yaranır: Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, artıq “yalançı elm” kimi ifşa olunub tarixin arxivinə tullanmış “elmi kommunizm” üzrə “mütəxəsis” ola-ola Azərbaycan Milli Elmlər Akademiyasının birbaşa, müxbir üzvü olmadan, həqiqi üzv seçildiyi halda, öz elmi potensialı ilə dünya elminin aparıcı simalarından sayılan Rafiq Əliyev niyə AMEA-nın həqiqi üzvü ola bilməz? Axı, seçkilər haqqında əsasnamədə göstərilir ki, dünya elminə böyük töhfə verən əsərlərin müəllifi Akademiyanın həqiqi üzvü seçilə bilər. Ramiz Mehdiyevin hansı əsəri bu göstəriciyə uygundur?

Lakin, belə ədalətsiz addımlarla böyük bir alim, böyük bir müəllim və böyük bir vətəndaş olaraq onu öz yolundan döndərmək mümkün olmadı. Sözün tam mənasında Rafiq müəllim son illərdə öz prinsipial mövqeyi, ictimai fikrə təkan verən yazıları, Azərbaycan Ziyalılar Forumundakı fəaliyyəti ilə əsl vətəndaşlıq nümunəsi nümayiş etdirir. Dəyişən dünyada Azərbaycanın yerini və rolunu artırmaq, ölkədə demokratik dəyərlərə söykənən bir cəmiyyət formalaşdırmaq onun fəaliyyətinin əsas qayəsini təşkil edir.

Gələn ilin əvvəllərində Rəfiq Əliyevin bu dünyaya gəlişinin 70 illiyi tamam olur. Bu böyük alimin yubileyinə hazırlıq tədbirləri görmək əvəzinə, onun elmi laboratoriyasından və əsasını özü qoyduğu kafedraya rəhbərlikdən uzaqlaşdırılması heç bir sağlam məntiq anlayışlarına sığmır. Rafiq Əliyev bu millət üçün gördüyü bütün xeyirli işlərin mükafatını öz vicdanından gözləyən nadir ziyalılarımızdan biridir. Ona qarşı belə ədalətsiz hərəkət Azərbaycan ictimaiyyətinin ciddi narahatçılığına səbəb olub. Bu cür zorakı addımlarla ölkədə haqq-ədalətin bərpa olunmasını, demokratik islahatların keçirilməsini istəyən ziyalıları məqsəd və məramından geri çəkilməyə vadar etmək mənasız işdir. Biz, belə addımlar atmağa meylli olan hakimiyyət nümayəndələrini ölkədə yaranmış vəziyyətin məsuliyyətini düzgün dərk etməyə, dünyada baş verən hadisələrdən nəticələr çıxarmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG