Accessibility links

Birinci qrup əlillərə 50, ikinci qrup əlillərə 40, üçüncü qrup əlillərə 35 manat sosial müavinət ödənilir

Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov “Amerikanın səsi” radiosuna müsahibəsində ölkədə əlillərin sosial durumundan danışıb.

Onun sözlərinə görə, Azərbaycanda 440 min əlil var. Onların 80 mini birinci qrup, 260 mini ikinci qrup əlillərdir. “Amma əlillərin dəqiq sayı müəyyən edilməyib. Çünki əlillik dərəcəsi almaq proseduru o qədər ağırdır ki, bir çox insanlar bu işi axıra qədər çatdıra bilmir”.

Cənab Xəlilov ölkədə əlillərin sosial durumunun ağır olduğunu deyib. “İşləməyən birinci qrup əlillər 50, ikinci qrup əlillər 40, üçüncü qrup əlillər isə cəmi 35 manat sosial müavinət alır. Bu isə minimum istehlak zənbili üçün tələb olunan vəsaitdən dəfələrlə azdır. Çoxsaylı əlillərin iş, təhsil, müalicə problemləri var”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, ölkədəki əlillərin əksəriyyəti evlərindən bayıra çıxa bilmir. “Əlillərin itlə gəzməsi qadağandır. Küçələrdə, keçidlərdə, pilləkənlərdə, binalarda, liftlərdə, bir sözlə heç yerdə əlillər üçün cığırlar yoxdur. Bakının və digər yaşayış yerlərinin baş planlarını tərtib edənlərin nəzərində sanki əlil insan məfhumu yoxdur. Hətta əlilin küçədə su içməsi belə problemdir”.


XS
SM
MD
LG