Accessibility links

Azərbaycanda 7 müxalif siyasi partiya və birlik parlament seçkilərinin nəticələrini tanımır


Azərbaycanda 7 müxalif siyasi partiya və birlik parlament seçkilərinin nəticələrini tanımır

Azərbaycanda 7 müxalif siyasi partiya və birlik parlament seçkilərinin nəticələrini tanımır

Müxalifətdə olan partiyalar seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirir. Onlar seçkilərin nəticələri ilə bağlı ATƏT və Amerika Dövlət Departamentinin bəyanatlarını dəstəkləyir

Müsavat, Xalq Cəbhəsi, Milli İstiqlal, Azadlıq, Böyük Azərbaycan, Xalq Partiyaları və “ReAL” hərəkatı 7 noyabr parlament seçkilərinin nəticələrini tanımadıqları barədə birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, parlament seçkiləri azad, ədalətli, bərabər və şəffaf olmayıb. “Səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırılıb. Bu səbəbdən 7 noyabr seçkisinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir. Bəyanatı imzalayan siyasi partiyalar və birliklər Milli Məclisə seçkilərin nəticələrini tanımadıqlarını bəyan edir, nəticələrin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edir”.

Bəyanatda həmçinin qeyd edilir ki, seçkiqabağı demokratik şərait və seçki kampaniyası dövründə bərabərhüquqlu rəqabət imkanları olmayıb. “Belə ki, sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlığının, o cümlədən seçki kampaniyası dövründə təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Seçki prosesinin bütün mərhələləri kütləvi qanun pozuntuları ilə keçib. Administrativ resurslar hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilib. İcra strukturları, hüquq mühafizə orqanları qeyri-qanuni olaraq seçkinin gedişinə zorakı müdaxilə edib”.

Parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyasının 72, bitərəflərin 41, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ana Vətən Partiyasının 2, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi və Sosial Rifah partiyalarının hər birinin 1 namizədi irəlidə gedir.

Parlamentin legitimliyini tanımadığını bəyan edən qurumların liderlərinin birgə mətbuat konfransında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, beynəlxalq müşahidə missiyalarının seçki ilə bağlı bəyanatı reallığı əks etdirir və kifayət qədər sərtdir. O eyni zamanda müxalifətin xalqla birgə ölkədə demokratik dəyişikliklərə nail olacağına inanır.

AXCP sədri Əli Kərimli beynəlxalq müşahidə missiyası adı altında Azərbaycan hakimiyyətinə lobbiçilik edənlərin də olduğunu deyib. Bununla yanaşı, o ATƏT-in DTİHB-nin və Amerika Dövlət Departamentinin bəyanatının kifayət qədər reallığı əks etdirdiyini bildirib.

XS
SM
MD
LG