Accessibility links

Azərbaycanda Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd edilib


Azərbaycanda Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd edilib

Azərbaycanda Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd edilib

Media ictimaiyyəti, ziyalılar, ictimai xadimlər və diplomatik korpusların təmsilçiləri hər il olduğu kimi bu il də Mətbuat Azadlığı Gününü 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başında qeyd edib.

Azərbaycanın media ictimaiyyəti 3 may Beynəlxalq Mətbuat Azadlığı gününü qeyd edib. Azərbaycan Mətbuat Şurası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə Mətbuat Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda Mətbuat Azadlığı Günü özünəməxsus şəkildə qeyd edilməkdədir. “Buna çox böyük önəm verilir. Hər il media ictimaiyyəti bu gün, bir yerə toplaşaraq söz və mətbuat azadlığı sahəsindəki durumu nəzərdən keçirir, problemlərin aradan qaldırılması yollarını müəyyənləşdirir”.

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söz və mətbuat azadlığı məsələlərinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu bildirib. “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər medianın fəaliyyətinin gücləndirilməsi və müstəqilliyinin dəstəklənməsi istiqamətində önəmli mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir”.

Bununla yanaşı, media ictimaiyyəti, ziyalılar, ictimai xadimlər və diplomatik korpusların təmsilçiləri hər il olduğu kimi bu il də Mətbuat Azadlığı Gününü 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başında qeyd edib. Media ictimaiyyəti Elmar Hüseynovun qatillərinin indiyədək tutulmamasına, qətlin sifarişçilərinin müəyyən edilməməsinə etiraz bildirib. Elmar Hüseynovun atası Sabir Hüseynov 2005-ci ildə dövlət başçısının onu qəbul etdiyini və oğlunun qatillərinin tezliklə tapılacağı barədə bəyanatını yada salıb. Amma, Sabir Hüseynov oğlunun qatillərinin indiki zamanda tapılacağına ümid etmir. “Elmar Hüseynovun qatilləri indi tapılmayacaq”, - deyə o qeyd edib.

“Turan” Agentliyinin direktoru Mehman Əliyev mətbuat azadlığı sahəsində durumun pisləşməkdə davam etdiyini bildirib.”Son bir neçə ildə jurnalistlərə qarşı fiziki təzyiqlər dayandırılmışdı. Amma, bu il bir neçə belə hal qeydə alınıb”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycanda jurnalistlərin ölüm təhlükəsi altında işlədiyini deyib. “Elmar Hüseynovun qətlinin hələ də açılmaması buna bir sübutdur”.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Keys Bin Amerikanın dünyada azad medianı müdafiə etdiyini bildirib. “Bu gün Azərbaycan mediası üçün çox vacib bir gündür. Dünyanın bir çox yerlərində jurnalistlər çətinliklərlə üzləşir. Amerika hökuməti çalışır ki, media azadlığı inkişaf etsin”.

Jurnalist Şahvələd Çobanoğlu ölkədə mətbuat azadlığının inkişafının hazlırki nəslin gələcək nəsil qarşısında mənəvi borcu olduğunu deyib. “Gələcəkdə qınanmamaq üçün, bu günki mübariz jurnalistlər susmayacaq”.

Jurnalist Xaliq Bahadır son illərdə çoxsaylı insanların sifarişlə qətlə yetirildiyini deyib. “Azərbaycan cəmiyyəti sifarişlə adam öldürənləri deyil, terroru sifariş verənlər zərərsizləşdirməlidir. Necə ki, Amerika Usama Bin Ladeni tapıb öldürdü”.

Politoloq Leyla Əliyeva cəmiyyəti, ziyalıları, siyasi partiyaları media azadlığının müdafiəsinə qalxmağa çağırıb. “fundamental hüquqların məhvi azadlığın məhvidir”.

XS
SM
MD
LG