Accessibility links

Azərbaycanda daha iki gənc fəal həbs edilib


Azərbaycanda daha iki gənc fəal həbs edilib

Azərbaycanda daha iki gənc fəal həbs edilib

“Facebook” sosial şəbəkəsində yaradılan “11 Mart - Böyük Xalq Günü” qrupu virtual etiraz aksiyası keçirəcəyini bəyan edib. “Turan” Agentliyinin məlumatına görə, qrup martın 11-də “Facebook”da keçiriləcək aksiyaya 30 mindən çox istifadəçini dəvət edib. Bundan sonra gənc fəalların təqibi başlayıb.

Bu gün daha iki gənc fəal saxlanıb. Hüquq müdafiəçilərinin məlumatına görə, Müsavat Gənclər Təşkilatının fəalı Səxavət Soltanlı Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsi tərəfindən saxlanılıb. Digər gənc fəal Rəşadət Axundov isə Bakı Əyləncə Mərkəzinin qarşısında ata və anası ilə birgə olduğu vaxt saxlanılıb.

Səxavət Soltanlı Amerikanın Səsi radiosunun müxbirinə 11-ci polis bölməsində olduğunu təsdiq edib, lakin bundan sonra onun telefonla danışmasına imkan verilməyib. Polis bölməsindən isə bildiriblər ki, Səxavət Soltanlı avtoxuliqanlıq edib və hazırda məhkəməyə aparılıb.

Rəşadət Axundovun ailəsindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Rəşadət valideynləri ilə birgə olarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və qara rəngli avtomobillə aparılıb. Mülki geyimli şəxslər valideynlərinin avtomobilinin açarlarını zorla alıb ki, onları təqib edə bilməsinlər.

Öz növbəsində, Xətai rayon 37-ci polis bölməsindən Rəşadət Axundovun saxlandığını təsdiq ediblər. Hazırda Xətai rayon polis idarəsində aparıldığını bildiriblər. Növbətçi hissə onun hansı səbəbdən saxlandığı barədə məlumat verməyib.

Artıq, Facebook sosial şəbəkəsində fəal iştirakçı olan 5 gənc saxlanılıb. Dünən isə daha bir gənc polis şöbəsinə aparılıb və sorğu-sualdan sonar azad buraxılıb.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsində yaradılan “11 Mart - Böyük Xalq Günü” qrupu virtual etiraz aksiyası keçirəcəyini bəyan edib. “Turan” Agentliyinin məlumatına görə, qrup martın 11-də “Facebook”da keçiriləcək aksiyaya 30 mindən çox istifadəçini dəvət edib.

Martın 8-dək 3 min 319 nəfər etiraz aksiyasında iştirak edəcəyini bildirib. 5 min 961 nəfər dəvətə rədd cavabı verib. 2106 nəfərin cavabı “ola bilsin, iştirak etdim” olub. 25 min 259 nəfər isə hələ dəvəti cavablandırmayıb.

Yerli və beynəlxalq təşkilatlar gənclərin həbsini pisləyir və onların həbsdən dərhal azad edilməsini tələb edir. Belə ki, Amnesty International rəsmi Bakını martın 11-də Bakıda virtual aksiya keçirməyə hazırlaşan fəalların təqibinə dərhal son qoymağa çağırıb. “Azərbaycan hakimiyyəti bu təzyiqləri dərhal saxlamalı və dinc etiraz aksiyaları keçirilməsinə icazə verməlidir”-deyə Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalusen qeyd edib.

XS
SM
MD
LG