Bu gün Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. 19 il öncə 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edib.
Sənəddə Azərbaycan ərazilərinin 1920-ci il aprelin 28-də Sovet Ordusu tərəfindən işğal edildiyi qeyd olunub. Müstəqillik aktında Azərbaycan Respublikası 1918-ci ildə elan edilmiş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan edilib.
Konstitusiya Aktının layihələrindən birini parlamentə təqdim etmiş Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, müstəqillik elan edilsə də hazırda ölkə kommunist ideologiyası ilə idarə edilir. Onun sözlərinə görə, kommunistlərin heykəlləri və küçə adları aradan qaldırılsa da, hazırda ölkə boyu yenə bir heykəl ucaldılır. “Azərbaycanda sanki təkpartiyalı sistemdir. Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycanda 450 min üzvü var idisə, hazırkı iqtidar partiyasının üzvlərinin sayı 500 mindən çoxdur”, - deyə o qeyd edib.
Cənab Məmmədov vəziyyətin dəyişməsi üçün idarəetmə sistemində ciddi islahatlara ehtiyac olduğunu deyib.