Accessibility links

Azərbaycanda Eurovizion-2012 - “Demokratiya üçün musiqi” kampaniyasına başlanıb


Azərbaycanda Eurovizion-2012 - “Demokratiya üçün musiqi” kampaniyasına başlanıb

Azərbaycanda Eurovizion-2012 - “Demokratiya üçün musiqi” kampaniyasına başlanıb

Kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində söz, fikir, toplaşmaq, media azadlıqları, siyasi məhbus problemi və viza rejimindən danışıb.

Eurovizion-2012 mahnı müsabiqəsi ərəfəsində insan hüquqları sahəsində həyata keçirilən “Demokratiya üçün musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə insan hüquqları, söz, fikir, toplaşmaq, media azadlıqları, siyasi məhbus problemi və viza rejimindən danışıb.

Sual: Kampaniyanızın əsas məqsədi nədir?

Cavab: Əsas məqsədimiz gələn il Azərbaycanda keçiriləcək və dünyanın çoxsaylı ölkələrinin iştirak edəcəyi Eurovizion-2012 mahnı müsabiqəsi ərəfəsində dünya ictimaiyyətinin diqqətini ölkədəki insan hüquqları sahəsindəki problemlərin həllinə yönəltməkdir. Hesab edirik ki, xüsusi ilə siyasi məhbus, söz, toplaşmaq, birləşmək, media azadlığı sahəsindəki problemləri, ictimai teleradionun fəaliyyəti və viza rejimi ilə bağlı vəziyyətin yaxşılaşdırılması məsələləri aktuallaşdırılmalıdır. Biz, dünya səviyyəli müsabiqə keçirən ölkədə belə problemlərin olmamasının zəruriliyini ictimailəşdirmək istəyirik.

Sual: Kampaniyaya kimlər qoşulub?

Cavab: Kampaniya bu il iyulun 28-də dörd qeyri-hökumət təşkilatı, Siyasi Azadlıqları Müdafiə Alyansı, İnsan Hüquqları Klubu, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən elan edilib. Kampaniya vətəndaş cəmiyyətləri, ziyalılar, ictimai xadimlər, xarici təşkilatlar üçün açıqdır. Artıq, çoxsaylı yerli və beynəlxalq təşkilat maraq göstərir. Hesab edirik ki, payız aylarından başlayaraq tədbirlər daha geniş vüsət alacaq.

Sual: Hansı tədbirləri həyata keçirəcəksiniz?

Cavab: Biz problemlərin və onların həll yollarının lobbiçiliyini aparacağıq. Bu yolla həm yerli, həm də beynəlxalq təşkilatların mövcud problemləri mütəmadi olaraq Azərbaycan hökuməti qarşısında qaldırmasına nail olacağıq. Müxtəlif təşkilatlara problemlərin monitorinqi və həlli yolları ilə bağlı məktublar göndərəcəyik, xüsusi internet saytı yaradacağıq. 2012-ci ilin yanvar və ya fevral ayında geniş tərkibli beynəlxalq konfrans keçirilməsini planlaşdırırıq. Biz, həmçinin İctimai teleradionun işinin yaxşılaşdırılması ilə bağlı Avropa Yayım Birliyi qarşısında məsələ qaldıracağıq. Eyni zamanda, digər qanuni vasitələrdən də istifadə edəcəyik.

Sual: Azərbaycan mahnı müsabiqəsi ilə bağlı təşkilat komitəsi yaradıb. Bu komitəyə də müraciət ediləcəkmi?

Cavab: Artıq biz, bu komitəyə müraciət etmişik. Ötən həftə təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevaya müraciət ünvanladıq.

Müraciətdə Azərbaycanda mövcud olan siyasi məhbus probleminə, sərbəst toplaşmaq və birləşmə azadlığı, ifadə azadlığı, mülkiyyət hüququ, İctimai Televiziya və Radionun fəaliyyəti sahəsində çətinliklərə, viza rejiminin sərt olmasına toxunmuşuq.

Biz problemlərin həllində təşkilat komitəsi ilə əməkdaşlıq etməyə hazırıq.

XS
SM
MD
LG