Accessibility links

Azərbaycanda Fələstinin səfirliyi açılıb


Azərbaycanda Fələstinin səfirliyi açılıb

Azərbaycanda Fələstinin səfirliyi açılıb

Rəsmi Azərbaycan ilk dəfə Fələstini dövlət kimi tanıdığını nümayiş etdirib. Politoloq Fələstinin Azərbaycanda səfirliyinin açılmasını rəsmi Bakının münasibətlər sistemində yeni xətt adlandırır.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Rəsmi Azərbaycan bu sənədlə ilk dəfə Fələstini dövlət kimi tanıdığını nümayiş etdirib. Eyni zamanda, politoloqlar Fələstinin Azərbaycanda səfirliyinin açılmasını rəsmi Bakının münasibətlər sistemində yeni xətt adlandırır.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın Fələstin dövlətini tanımasının səbəblərini izah edib.

Sual: Fevralın 14-də Azərbaycan prezidenti 2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş”i təsdiq edib. Sənəddən göründüyü kimi ilk dəfə prezident səviyyəsində Fələstin dövləti tanınıb. Buna münasibətiniz?

Cavab: Sənəddə Fələstin dövlətinin yazılması prezident səviyyəsində Fələstinin dövlət kimi tanınması kimi qiymətləndirilə bilər. Hərçənd ki, indiyədək Azərbaycan Fələstin dövlətinin müstəqilliyini tanıması ilə bağlı hər hansı sənəd və ya qanunvericilik aktı qəbul etməyib. Prezidentin imzaladığı sənəd hətta bir qədər təəccüblü qarşılandı. Çünki, Azərbaycanın İsrail dövləti münasibətləri fonunda, bu sərəncamın imzalanması bir qədər gözlənilməz idi. Görünür bu, son hadisələr fonunda baş verən bir yenilikdir. Əslində rəsmi Bakının İsrailə qarşı bir demarşı kimi də qiymətləndirilə bilər.

Sual: Azərbaycanda Fələstin dövlətinin səfirliyi də açılıb. Səfirlik isə dövlətin təmsilçisidir?

Cavab: Şübhəsiz, bu belədir. Amma, səfirliyin açılması barədə razılıq bundan xeyli əvvəl əldə olunub. Ancaq, hələ Azərbaycanın Fələstində səfirliyinin açılmasından söhbət getmir. Eyni ilə də xahişlərə, təkidlərə baxmayaraq, Azərbaycanın İsraildə də səfirliyini açmayıb. Görünür, rəsmi Bakının hər iki dövlətin Azərbaycanda səfirliyinin olması barədə razılıq verməsi, iki tərəf arasında balans siyasəti yürütdüyünün nümayişidir.

Sual: Fələstinin xarici işlər naziri vaxtı ilə Bakıya səfəri zamanı Azərbaycanın tərəflər arasına vasitəçilik rolu barədə proqnozlar səslənirdi? Bu realdırmı?

Cavab: Hər iki tərəf qəbul edərsə, Azərbaycan vasitəçi missiyasını üzərinə götürə bilər. Amma, İsrail - Azərbaycan münasibətlərinin indiki səviyyəsi İsrailin bu məsələdə razılığının olacağını diktə etmir. Son prezident sərəncamınadək, bəlkə də Azərbaycanın vasitəçiliyinə İsrail razı ola bilərdi.

Sual: Rəsmi Bakının bu hərəkətləri Azərbaycan-İsrail münasibətlərinə hansı yenilik gətirə bilər? Son zamanlar Bakıdakı İsrail səfirliyinin bağlanması ilə bağlı səslər gəlməkdədir?

Cavab: Bu şayiələr deyil. ABŞ və Böyük Britaniya xarici siyasət idarələrinin arxasınca İsrailin terror xəbərdarlığı yayması və vətəndaşlarını ehtiyatlı olmağa çağırması, bundan sonra səfirliyin fəaliyyətinin dayandırılması münasibətlərdəki pozitiv çalarlardan xəbər vermir. Prezidentin dünən imzaladığı sərəncam da bir növ İsrailin səfirliyinin fəaliyyətini dayandırmasına bir cavab tədbiri idi. Bu isə, münasibətlərdə əvvəlki qarşılıqlı pozitiv etimadın olmasından xəbər vermir. Rəsmilərin, o cümlədən YAP rəsmilərinin reaksiyasına əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda terror təhlükəsi ilə bağlı Amerika, Böyük Britaniya, İsrailin yaydığı məlumatları rəsmi Bakı çox aqressiv və neqativ qarşılayıb. İsrail Böyük Britaniya və Amerikadan bir addım da irəli gedərək səfirliyinin fəaliyyətini dayandırmağa qərar verdi. Eyni zamanda, güman etmirəm ki, bu ikitərəfli münasibətlərdə neqativ mərhələnin başlanğıcı olmayacaq. Çünki, Azərbaycanla İsrail arasında yetərincə intensiv əlaqələr mövcuddur. Ümid etmək olar ki, münasibətlər inkişaf edən xətt üzrə davam edəcək.

Sual: Azərbaycanda terror təhlükəsi mövcuddurmu? Simptomları görünürmü?

Cavab: Hesab edirəm ki, terror təhlükəsi mövcuddur. Üç aparıcı dövlətin vətəndaşlarını xəbərdar etməsinin arxasında onların informasiyaları dayanır, digər tərəfdən də Azərbaycanın rəsmi qurumları yanvar-fevral aylarında İslam Partiyasının rəhbərlərini həbs edib. Onların evlərindən, yaxınlarının evlərindən, hətta iş yerlərindən xeyli miqdarda silah-sursatın tapılması barədə rəsmi məlumat yayılıb. Eyni zamanda, hüquq mühafizə orqanları islamçıların Azərbaycanda terror və dövlət çevrilişi hazırladığını bildirib. Hesab edirəm ki, bu məlumata da istinad olunub. Ona görə, Azərbaycan dövlət orqanlarının Amerika, Böyük Britaniya və İsrailin xəbərdarlığına qıcıqlı reaksiyası anlaşılan deyil.

XS
SM
MD
LG