Azərbaycan Diplomatik Akademiyası (ADA) Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi ilə birgə əfqanıstanlı mütəxəssislər üçün növbəti təlimlər keçirir.
İki həftə davam edəcək təlimlərdə “İkinci Bakı dövlət idarəçiliyi kursu: keçid dövrünün tənzimlənməsi” mövzusunda mühazirələr səslənəcək. ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib ki, təlimləri Azərbaycan və Cenevrədən ekspertlər keçirəcək.
Mühazirələr Kabilin xarici siyasəti, siyasi birliyin əldə olunması, münaqişələrin təhlili, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin cəmiyyətdə yaratdığı problemlərlə bağlı məsələləri əhatə edir. Təlimlərdə həmçinin azad, müstəqil və siyasətdən kənar məhkəmə sisteminin və medianın qurulması, vətəndaş təhlükəsizliyinin təmin olunması, təhsilin inkişafı mövzuları araşdırılacaq.