Accessibility links

ATƏT-in dəstəyi ilə şübhəli bilinən və ya ittiham olunan şəxs qismində saxlanılanların hüquqları haqqında qanun layihəsi hazırlanıb.

ATƏT və Azərbaycanın İnsan Hüquqları Müvəkkilliyi (Ombudsman) işgəncələrə qarşı milli preventiv mexanizmlərin təkmilləşdirilməsi mövzusunda seminar keçirib.

“ATƏT ölkələrində qanunun aliliyinə yardım çərçivəsində ATƏT-in Bakı ofisinin əsas fəaliyyət istiqamətlərindən biri işgəncələrin və qeyri-insani davranışların qarşısının alınmasıdır. ATƏT-in dəstəyi ilə şübhəli bilinən və ya ittiham olunan şəxs qismində saxlanılanların hüquqları haqqında qanun layihəsi hazırlanıb. Ümidvarıq ki, qanun layihəsi yaya kimi qəbul olunacaq”, - deyə ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Martines bildirib.
Artıq birinci oxunuşda qəbul olunmuş qanun layihəsi şübhəli bilinən və ya ittiham olunan şəxslərə onların saxlanması barədə qohumlarının məlumatlandırılması və vəkillərin onların yanına buraxılması hüququnu verir. Bundan əlavə, ATƏT məhkəmə proseslərinin ilkin cəzaçəkmə yerlərinin, istintaq təcridxanalarının monitorinqini aparır.
“Əminik ki, milli preventiv mexanizmi işgəncələrin və pis davranışın qarşısının alınmasında mühüm rol oynayır. Ümidvarıq ki, indiki seminar azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsinə yardım göstərəcək”, - ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib.
Azərbaycanda milli preventiv mexanizmi iki il əvvəl BMT-nin İşgəncələrin və Qeyri-İnsani Davranışın Qadağan Olunması barədə Konvensiyaya fakültativ protokol çərçivəsində yaradılıb.
Ombudsman Elmira Süleymanova bildirib ki, milli preventiv mexanizminin həyata keçirilməsi üçün 17 nəfərlik xüsusi qrup yaradılıb. Onun sözlərinə görə, qrup maneəsiz olaraq ilkin saxlanma yerlərində, təcridxanalarda, cəzaçəkmə müəssisələrində monitorinqlər aparır.
Bununla yanaşı o, qrupun fəaliyyəti üçün maliyyə vəsaitinin məhdudluğunu qeyd edib. Lakin 2012-ci il ərzində milli preventiv mexanizminin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi həll olunacaq.

XS
SM
MD
LG