Accessibility links

Azərbaycanda insan alveri problemi müzakirə edilib


Azərbaycanda insan alveri problemi müzakirə edilib

Azərbaycanda insan alveri problemi müzakirə edilib

2005-ci ildə Azərbaycanda 1 nəfər, 2006-cı ildə 86 nəfər, 2007-ci ildə 101 nəfər, 2008-ci ildə 78 nəfər, 2009-cu ildə 91 nəfər və 2010-cu ildə 34 nəfər insan alveri qurbanı müəyyən edilib. Eyni zamanda, 2010-cu ildə ölkədə insan alveri ilə bağlı 70 fakt aşkarlanıb, 34 nəfər istintaqa cəlb edilib

Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Azərbaycanda insan alveri ilə mübarizə və onun qarşısının alınması” mövzusunda ikigünlük konfrans açılıb. Konfransda Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, qeyri - hökumət təşkilatları, Avropa Şurasının nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edir.
Forumda insan alveri sahəsində qanunvericilik, insan alverinə qarşı mübarizə, bunun qarşısının alınması, Avropa Birliyinin insan alverinə yanaşması, Azərbaycanda insan alverinin istintaqı, qurbanlara yardım, onların reabilitasiya məsələləri müzakirə edilib.
Avropa Şurasının İnsan Alverinə dair Konvensiyasına 33 ölkə qoşulub, 30 ölkə, o cümlədən Azərbaycan sənədi ratifikasiya edib. Avropa Şurası Baş Katibliyinin nümayəndəsi Danuta Visnievska bildirib ki, insan alveri Avropanın da probleminə çevrilib. “Əsasən qadın və uşaqlar insan alveri qurbanına çevrilir”.

Onun sözlərinə görə, Azərbaycan insan alveri üzrə mənbə və tranzit ölkədir. “Azərbaycandan insanlar əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, İrana, Pakistana aparılır. İran vətəndaşları və Cənubi Asiyadan olan oğlanlar isə Azərbaycan vasitəsi ilə Avropaya işləməyə aparılır”, - deyə o qeyd edib.
Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev ölkədə insan alverinə qarşı mübarizə ilə bağlı çoxsaylı sənədlərin qəbul edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan “İnsan alveri ilə mübarizə və qarşısının alınması üzrə Milli Proqram” qəbul edib, milli koordinator institutu fəaliyyət göstərir. “2005-ci ildə Azərbaycanda 1 nəfər, 2006-cı ildə 86 nəfər, 2007-ci ildə 101 nəfər, 2008-ci ildə 78 nəfər, 2009-cu ildə 91 nəfər və 2010-cu ildə 34 nəfər insan alveri qurbanı müəyyən edilib. Eyni zamanda, 2010-cu ildə ölkədə insan alveri ilə bağlı 70 fakt aşkarlanıb, 34 nəfər istintaqa cəlb edilib”.

Onun dediyinə görə, Azərbaycan insan alveri qurbanlarının əsasən mənşə ölkəsidir. İdarə rəisi insan orqanlarının transplantasiyası ilə bağlı cinayət faktlarının olduğunu da bildirib. “Bu işin istintaqı davam edir. Bu sahədə vəzifə cinayətləri ilə bağlı fakt var”.

Öz növbəsində, Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev “Amerikanın səsi” radiosuna müsahibəsində ölkədə əməyin istismarı hallarının cinsi istismar faktlarından çox olduğunu bildirib. “Hökumət sadəcə əməyin istismarı ilə bağlı faktları monitorinq etmir. Ölkədə 30 min qeydiyyatı olmayan insan yaşayır. Özbəkistandan, Türkmənistandan, Əfqanıstan, Pakistan, Serbiyadan olan minlərlə qanunsuz əmək miqrantı var”.

Ekspert insan orqanlarının transplantasiyası ilə bağlı ölkədə cinayətlərin olduğunu bildirib. “Hazırda Azərbaycan Beynəlxalq Universitetinin klinikasında belə fakt aşkarlanıb. Amma bu hallar başqa klinikalarda da var”.

Təmiz Dünya Qadınlara İctimai Yardım Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, 2008-ci ildə bir nəfər qadının insan orqanı transplantasiyası qurbanı olduğu müəyyənləşdirilib. “Hazırda da insan orqanı transplantasiya ilə bağlı cinayət işinin istintaqı aparılır. Bu iş üzrə qadın qurbanın olub - olmaması barədə indiyədək məlumat verilməyib”.

XS
SM
MD
LG