Accessibility links

Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi keçirilir


Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi keçirilir

Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi keçirilir

2010-cu ildə aşkar edilmiş qurbanların sayı 34 nəfər olub. Ümumilikdə, 70 belə cinayət faktının üstü açılıb. Qurbanlara birdəfəlik yardımın həcmi 33 manatdan 200 manatadək artırılıb.

ATƏT-in “Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi”i elan etməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyi, Miqrasiya Xidmətinin, Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndələri, ekspertlər və hüquq müdafiəçiləri iştirak edib.

ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Melissa Stoun xatırladıb ki, bu cür kampaniya 2010-cu ildə də keçirilib. O zaman yaradılmış “qaynar xətt”ə beş yüzə yaxın zəng daxil olub. “ATƏT-in fəaliyyətinin əsas prioritetlərindən biri insan alveri qurbanlarının müdafiəsidir”.

Xanım Stounun sözlərinə görə, tezliklə Bakıda bu mövzuda regional konfrans keçiriləcək.

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov xatırladıb ki, 2010-cu il fevralın 25-də Azərbaycan Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına qoşulub. “Həmin ilin oktyabrında sənəd qüvvəyə minib”.

Onun sözlərinə görə, 2010-cu ildə aşkar edilmiş qurbanların sayı 34 nəfər olub. “Ümumilikdə, 70 belə cinayət faktının üstü açılıb. Qurbanlara birdəfəlik yardımın həcmi 33 manatdan 200 manatadək artırılıb”.

Cənab Nəcəfov qeyd edib ki, əsasən qurbanlar Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, bəzi hallarda Rusiya və İrana aparılır.

Miqrasiya Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri Əlövsət Əliyev bildirib ki, “mübarizə həftəsi” mayın 10-dan 16-dək keçiriləcək. Həmin günlərdə aeroportda, dəmir yolu vağzalında və dəniz limanında əcnəbilərə broşüralar paylanılacaq, gənclər və uşaqlar arasında maarifləndirici görüşlər keçiriləcək. Həmçinin ölkə qanunvericiliyinin Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı dəyirmi masa keçiriləcək. Yerli telekanallarda reklam çarxları nümayiş etdiriləcək və xeyriyyə marafonu keçiriləcək.

Öz növbəsində, Qadın Krizis Mərkəzinin eksperti Azad İsazadə Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, son illər ölkədə insan alverinə qarşı mübarizə işlərində ciddi irəliləyiş var. “Azərbaycanda bu sahədə qanunvericili bazası yaradılıb, Daxili İşlər Nazirliyi ixtisaslaşdırılmış idarə yaradıb. Ölkədə iki sığınacaq istifadəyə verilib. Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin təklifləri hökumət qurumları tərəfindən öyrənilir və reaksiyalar olur”.

Ekspert həmçinin problemlərdən də danışıb. “İlk öncə problemi doğuran sosial, psixoloji səbəblər öyrənilib aradan qaldırılmalıdır. Əsas problemlərdən biri də ilkin reabilitasiyadan sonra qurbanların ailələri tərəfindən qəbul olunmaması və işlə təminat məsələirdir”, - deyə ekspert qeyd edib

XS
SM
MD
LG