Accessibility links

Azərbaycanda istehlak məhsullarının qiymətləri bahalaşıb


Azərbaycanda istehlak məhsullarının qiymətləri bahalaşıb

Azərbaycanda istehlak məhsullarının qiymətləri bahalaşıb

Azərbaycanda istehlak mallarının qiymətləri orta hesabla 20-25 faiz bahalaşıb. Novruz bayramı ərəfəsində ərzaq qiymətlərinin daha 20-25 faiz bahalaşacağı gözlənilir.

Turan Informasiya Agentliyinin istehlak bazarının monitorinqi üzrə eksperti Ramil Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində istehlak məhsullarının qiymətlərinin 20-25 faiz bahalandığını deyib. O Novruz bayramı qabağı ərzaq, o cümlədən meyvə qurusu məhsullarının qiymətlərinin daha 20-25 faiz bahalaşacağını güman edir. Son aylarda yumurtanın qiyməti 38 faiz bahalaşıb.

Sual: Son aylarda istehlak bazarında qiymətlər necə dəyişib?

Cavab: İstehlak bazarında qiymətlər qeyri - sabitdir. Ayrı - ayrı məhsullar üzrə qiymətlər gah artır, gah da azalır. İnsanları daha çox narahat edən ərzaq məhsullarının qiymətlərinin durmadan artmasıdır. Artıq, ərzaq məhsullarının qiymət artımı qarşısı alınmaz vəziyyətdədir. Bir neçə ay əvvəl un və un məhsullarının, sonra kərə yağı və bitki yağlarının qiymətlərinin artması, indi isə şəkərin qiymətinin artması buna bir sübutdur.

Sual: Qiymətlər nə qədər artıb? Əsasən strateji məhsullardan danışaq.

Cavab: Ani olaraq un məhsullarının qiyməti 50 faizdən çox qalxdı. Daha sonra, hökumət etirazlara rəğmən taxıl və una idxal vergisini ləğv etdi. Bu un və taxıl məhsullarının qiymətini bir qədər stabilləşdirdi. Lakin, hər dəfə qalxan qiymətlər özü ilə gətirdiyi bir sıra problemləri saxlayır. Əlavə dəyər vergisi aradan qaldırılandan sonra taxıl, un və çörəyin qiyməti aşağı ensə də, məsələn makaron, peçenye, qənnadı və başqa məhsulların qiymətlərində enmə müşahidə edilmədi. Bu məhsulların qiymətlərində 30-40 və bəzi növlər üzrə hətta yüz faiz artım qalmaqdadır.

Son aylarda daxili bazarda şəkərin qiyməti 8-10 faiz qalxıb. Hökumət bunu dünya bazarında şəkərin qiymətinin yüksəlməsi ilə izah edir. Halbuki şəkər Azərbaycanda istehsal olunur və hətta ixrac da olunur.

Sual: Ərzaq məhsulları ümumilikdə orta hesabla nə qədər bahalaşıb? Ayrı-ayrı məhsul növləri üzrə qiymətlər nə qədərdir?

Cavab: Ötən illə müqayisədə ərzaq məhsulları 20-25 faiz bahalaşıb. Kənd təsərrüfatı məhsulları isə orta hesabla 50 faizə qədər bahalaşıb. Hökumətin rəsmi məlumatına görə inflyasiya 5,6 faizdir. Amma, bizim monitorinqlərin nəticələrinə görə, inflyasiyanın səviyyəsi 20-25 faiz təşkil edir. Digər tərəfdən isə manat dollara nisbətdə möhkəmlənir.

Hazırda yumurta bazarda maksimal qiymətə, 24 qəpiyə satılır. Bu, son bir ayda 38 faiz bahalaşma deməkdir. Kartofun kiloqramının qiyməti 90 qəpikdən başlayaraq 1 manat 30 qəpiyədək dəyişir. Yağ məhsulları 10-15, ət məhsulları 20 faizədək bahalaşıb.

Novruz bayramı qabağı ərzaq məhsullarının qiymətinin yenidən bahalaşması gözlənilir. Gözləntilərə görə, bayramqabağı qiymətlər yenidən təxminən 25 faizədək artacaq. Hazırda bazarda meyvə qurularının qiymətləri 9-10 manatdan başlayır. Bu isə ötən ilkinə nisbətdə 2-3 manat çoxdur. Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri demək olar ki, bütün məhsul növləri üzrə monopolistlərin bazarlara nəzarət etməsidir. Çünki, eyni məhsul üzrə bütün bazarlarda eyni qiymətlər qeydə alınır.

XS
SM
MD
LG