Accessibility links

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 7,6 faiz artıb


Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 7,6 faiz artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 7,6 faiz artıb

Ölkədə bəzi kənd təsərrüfatı məhsulları tələbatdan 150, bəzi məhsullar hətta 200 faiz və daha artıq istehsal edilir. Bir sıra məhsullarla isə tələbat 90-95 faiz təmin edilir.

Bu ilin doqquz ayında kənd təsərrüfatı məhsulları istehsalının həcmi 7,6 faiz artıb, o cümlədən bitkiçilikdə 10,6 faiz, heyvandarlıqda 3,7 faiz artım olub. İlin sonunadək artım davam edəcək. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Nazir qarşıdan gələn Qurban bayramı zamanı istənilən qədər qurban kəsmək üçün iribuynuzlu və xırdabuynuzlu heyvanların olduğunu deyib. Onun sözlərinə görə, bu il istər davarların, istərsə də iribuynuzlu heyvanların baş sayı artıb. Bir qayda olaraq nazirlik xəstə heyvanların bazarlara çıxarılmaması üçün lazımi tədbirlər görür.

Cənab Abbasov ətin qiymətinin artması ilə bağlı sualın cavabında deyib ki, Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasəti həyata keçirən orqan deyil: “Bu səbəbdən də ətin qiyməti ilə bağlı bir söz demək istəmirəm”.

Onun sözlərinə görə, yaxın günlərdə qarğıdalı da daxil olmaqla, dənli bitkilərin biçini başa çatdırılacaq. 2 milyon 450 min ton dənli bitki istehsal olacağı gözlənilir. Bu isə ötən ilkindən 450 min ton və ya 22,5 faiz çoxdur.

Nazir deyib ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 2011-ci il üçün 10 milyon manat kredit ayrılıb. “Bundan başqa ötən illərdə ayrılan vəsaitlər hesabına 3-4 milyon manat miqdarında kreditlər qaytarılıb. Ümumilikdə, bu il yalnız Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 13-14 milyon manat kreditlər verilib. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi də kənd təsərrüfatı sahəsinə, xüsusilə emal sənayesinə kifayət qədər yetərli kreditlər ayrılıb”, - o bildirib.

O iri fermer təsərrüfatlarının yaradılmasının gündəlikdə durduğunu deyib: “Cənab prezident bununla bağlı göstəriş verib. Hazırda Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Su və Meliorasiya Səhmdar Cəmiyyəti, eləcə də İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyətləri və digər orqanlarla birgə torpaqların mövcud vəziyyətləri araşdırılır. Ümid edirəm ki, 2012-ci ildə bu fermer təsərrüfatların bir qismi yaradılacaq”.
Cənab Abbasov bu il pambıq və tütün istehsalında artım olduğunu bildirib. Bu il pambıq istehsalı 50 faiz artıb. “Dünya bazarında pambığın qiyməti artdıqca yeni pambıq sahələri əkiləcəyini güman edirəm. Tütün istehsalı da də bazar iqtisadiyyatına uyğun olaraq nizamlanır”, - o qeyd edib. Onun fikrincə, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını tələbatdan 150, bəzi məhsulları hətta 200 faiz və daha artıq istehsal edir. “Bir sıra məhsullarla isə tələbatı 90-95 faiz təmin edirik. Amma, prezident hökumətin qarşısında məsələ qoyub ki, biz kənd təsərrüfatı və ərzaq məhsulları ilə tələbatı 100 faiz ödəməliyik. Bunun üçün kifayət qədər geniş işlər görülür. Doqquz ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında da prezident hökumətə qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və inkişaf etdirilməsi barədə göstərişlər verib. Ümid edirəm ki, gələcəkdə həm öz əhalimizin tələbatını tam təmin edəcəyik, həm də ixrac potensialını artıracağıq. Ənənəvi ölkələrlə yanaşı, Avropa ölkələrinə də məhsul ixrac edəcəyik”.
Nazir Amerikanın Səsi radiosunun, “Hökumət kəndə miqrasiyanı artırmaq məqsədilə bir sıra xarici dövlətlərdə olduğu kimi kənddə yaşayan əhaliyə elektrik enerjisi, qazın qiymətlərində güzəştlərin tətbiqi ilə bağlı qərar qəbul edə bilərmi?, - sualının cavabında deyib ki, bir sıra dövlətlərdə elektrik enerjisi və qazın qiymətlərində güzəştlər verilirsə də, Azərbaycandakı digər güzəştlər verilmir. “Azərbaycanda kənddə yaşayan insanlardan 9 növ vergidən 8-i tutulmur (yalnız torpaq vergisi alınır). Digər dövlətlərdə bu güzəştlər yoxdur. Eyni zamanda, başqa ölkələrdə subsidiyalar verilmir. Azərbaycanda motor yağı və yanacağa, buğda və çəltik səpininə, texnikanın alınmasına, toxumlara görə subsidiyalar verilir, sahibkarlara güzəştli kreditlər ayrılır. Düşünürəm ki, bunlar hazırda aqrar sahə üçün kifayətdir. Amma cənab prezident qeyri-neft iqtisadiyyatının daha da genişləndirilməsi barədə göstəriş verib. Hesab edirəm ki, növbəti illərdə bu istiqamətdə vəsaitlər və güzəştlər artırılacaq”.

O, gələn il kənd təsərrüfatı məhsullarının bu ilkindən artıq olacağını düşünür: “Hazırda şum aparılır, səpin davam edir. Ötən ilkinə nisbətdə 103-104 faiz şum aparılıb. Qarşımıza builki qədər və bu ilkindən 10 faizədək artıq məhsul istehsalını məqsəd qoymuşuq”, - cənab Abbasov qeyd edib.

XS
SM
MD
LG