Accessibility links

Azərbaycanda məhsulların qiymət artımı davam edir


Azərbaycanda məhsulların qiymət artımı davam edir

Azərbaycanda məhsulların qiymət artımı davam edir

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlunun “Amerikanın səsi” radiosuna müsahibəsi

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda qiymətlərin son dövrlər artmasının səbəblərini açıqlayıb. Onun fikrincə, bazara siyasi nəzarət və monopoliyalar qiymətlərə təsir edir.

Sual: Parlament seçkilərindən sonra Azərbaycanda qiymətlər artmaqda davam edir. Səbəb nədir?

Cavab: Bu göstərir ki, hökumət müəyyən malların qiymətlərinə və bazara müdaxilə etmək imkanlarına malikdir. Seçkilərə qədər hökumət qiymət artımına stimul verməməyə çalışırdı. Hazırda seçkilər başa çatıb və həm də mövsümü dəyişikliklər başlayıb. Buna görə də, qiymətlərin artmasında yalnız siyasi amillər deyil, həm də təbii amillər rol oynayır. Təbii dəyişikliklərlə əlaqədar hər il noyabr-dekabr aylarında qiymətlər artır və bu artım aprel-may aylarınadək davam edir. Artıq qiymətlərin artımı başlayıb və növbəti aylarda da qiymətlərin artımı davam edəcək.

Sual: Ərzaq məhsullarının qiymətlərində, ayrı-ayrı məhsul növləri üzrə nə qədər artım olub?

Cavab: Meyvələrin qiymətində son bir ildə 22 faiz artım olub. Ümumi istehlak səbətində isə qiymət artımı 9 faizə yaxındır. Bu ötən illə müqayisədə təxminən altı dəfə çoxdur. Bu baxımdan ərzaq məhsullarının bahalaşması daha ciddi siqnaldır. Həm qeyri ərzaq məhsulları, həm də xidmətlərlə müqayisədə ən çox infilyasiya ərzaq məhsullarında qeydə alınıb. Bu isə birbaşa əhalinin həyat səviyyəsinə mənfi təsirini göstərir. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin gəlirlərinin 70 faizi son istehlak xərclərinə sərf olunur və burada ərzaqın səviyyəsi kifayət qədər yüksəkdir. Göründüyü kimi bahalaşan ərzaq məhsulları əhalinin cüzi də olsa artırılan əmək haqlarını yeyir.

Sual: Parlament seçkiləri öncəsi minimum pensiyaların baza hissəsi və əmək haqları 10 faiz artırıldı. Bu artım qiymət artımı ilə ekvivalentdirmi?

Cavab: Pensiyaların baza hissəsi və minimum əmək haqlarının minimal artımı son iki ildə ilk dəfə bu ilin sentyabrında baş verdi. Qiymətlər dinamikdir və iki ildə artmaqda davam edib. İki ildə isə cəmi bir dəfə on manat pensiya və əmək haqlarını artırmaqla artan xərcləri konpensasiya etmək mümkün deyil. Əhalinin sosial müdafiəsi zəif olan təbəqəsinin vəziyyəti daha da pisləşməkdə davam edir.

Sual: Azərbaycan hökuməti bir qayda olaraq gəlirlərin və əhalinin həyat səviyyəsinin durmadan artdığını bəyan edir. Real vəziyyətlə hökumətin bəyanatları niyə təzadlıdır?

Cavab: Həqiqətən, gəlirlər durmadan artır. Neft Fondunun, Mərkəzi Bankın valyuta ehtiyatları və büdcə gəlirləri sürətlə artır. Amma, söhbət gəlirlərin daha ədalətli bölünməsindən gedir. Dövlət büdcəsi vasitəsi ilə gəlirlərin ədalətli bölgüsü yoxdur. Bu gün dövlət büdcəsi vasitəsi ilə bölüşdürülən hər 100 manatın 40 manatı tikintiyə sərf olunur. Tikinti isə klassik və potensial korrupsiya mənbəyidir. Hər 100 manatdan həkimə 3 manat, pensiyaçıya 2 manat çatır, elm sahəsinə cəmi 60 qəpik, ekologiyaya 20 qəpik ayrılır. Müəllimlərin sayı çox olduğu üçün dövlət büdcəsindən ümumilikdə müəllimlərə təxminən 8 manat, dövlət qulluqçusuna 9 manat düşür. Göründüyü kimi dövlət büdcəsi ədalətli bölünmür.

Sual: Eyni zamanda, ölkədə evlərin qiyməti çox bahadır, küçələrdə çoxsaylı bahalı avtomobillər şütüyür, bahalı yollar, körpülər, restoranlar, hotellər, istirahət mərkəzləri, idman kompleksləri tikilir. Yoxsul əhali və bahalı xidmətlər ziddiyyət təşkil etmirmi?

Cavab: İqtisadiyyatda bir elitar təklif və tələb, bir də sadə tələb və təklif var. Siz dediyiniz elitar tələb və təklifə aiddir. Təbii ki, bir qrup insan gəlirlərini son illər əhəmiyyətli dərəcədə artırıb. Həm mənimsənilən dövlət büdcəsi, həm korrupsiya, həm də qanunsuz biznes fəaliyyəti hesabına kifayət qədər kapital sahibləri var. Həmin insanlar üçün maşınlar, evlər almaq vəsaitini leqallaşdırmağın bir yoludur.

XS
SM
MD
LG