Accessibility links

Azərbaycanda mətbuat azadlığına baxışlar


Azərbaycanda mətbuat azadlığına baxışlar
Azərbaycanda mətbuat azadlığına baxışlar

Jurnalistlər medianın azadlığı tədbirlərinə 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun və müstəqillik dövrünün ilk azad mətbuatının qurucusu Nəcəf Nəcəfovun qəbrinin ziyarəti ilə başlayıb

Mətbuat Azadlığı günü Azərbaycanda Mətbuat Şurası və müstəqil jurnalist təşkilatları tərəfindən qeyd edilib. Jurnalistlər medianın azadlığı tədbirlərinə 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun və müstəqillik dövrünün ilk azad mətbuatının qurucusu Nəcəf Nəcəfovun qəbrinin ziyarəti ilə başlayıb.

Ziyarətçilər ölkədə mətbuat azadlığının vəziyyətini gərgin qiymətləndirib və pisləşməkdə davam etdiyini vurğulayıb.

Deputat Pənah Hüseyn hesab edir ki, Azərbaycan jurnalistləri demokratiya uğrunda mübarizənin ön cərgəsində dayanıb. “Azərbaycan daim “minalanmış ərazidə” işləyən müstəqil jurnalistlərə minnətdar olmalıdır. Ölkənin bu gün dünyada olan azacıq imici də onların fəaliyyətinin nəticəsidir”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu ilin martında həbsdən azadlığa çıxıb. O, Azərbaycan jurnalistlərini sıx birləşərək mətbuat azadlığına nail olmağa çağırıb.

Jurnalist Şahvələd Çobanoğlu Elmar Hüseynovun qatillərinin indiyədək həbs edilməməsini pisləyib. Onun fikrincə, bu günlərdə həbsdə olan jurnalist Eynulla Fətullayev Elmar Hüseynovun qətlinin təşkilatçılarının adlarını açıqlayıb və bu araşdırılmalıdır.

“Media Hüququ” İnstitutunun mətbuatın hüquqi durumu ilə bağlı son hesabatına görə, Azərbaycanda cinayət cəzası çəkən jurnalistlərin sayı 7-dir: “Onlardan üçü - “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, blogerlər Emin Milli və Adnan Hacızadə həbsdədir, digərləri isə islah işlərinə məhkum edilib. Aprel ayında daha 4 jurnalistə qarşı təhqir və böhtana görə xüsusi ittiham qaydasında şikayət verilib. Apreldə medianın, jurnalistlərin tərəf olduğu 30 iş üzrə məhkəmə davam edib”.

“Azərbaycanda ifadə azadlığı” mövzusunda bu gün keçirilən beynəlxalq konfrans da isə ölkənin beynəlxalq öhdəlikləri müzakirə edilib.
Böyük Britaniyanın “Artikl-19” təşkilatının Avropa üzrə baş proqram rəhbəri Natali Losekoot bildirib ki, Azərbaycan universal hüquqlarla bağlı konvensiyaya qoşulub və ifadə azadlığı barədə öhdəliyi yerinə yetirmək hər bir ölkə üçün məcburidir. “Artikl-19” təşkilatı jurnalistlərin hüquqlarının qorunması, media azadlığının məhdudlaşdırılmasının qarşısının alınması ilə bağlı dərhal tədbirlər görülməsi barədə Azərbaycan hökumətinə müraciətlər edib. Elmar Hüseynovun qətli və qətlin araşdırılması vəziyyəti Azərbaycanda müstəqil jurnalistikanın üzləşdiyi təhlükənin göstəricisidir”, - deyə o qeyd edib.

Beynəlxalq ekspertlər Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin dərhal həbsdən azadlığa buraxılması ilə bağlı qərarını yerinə yetirməyə çağırıb. “Yaxşı olardı ki, bu gün, beynəlxalq mətbuat azadlığı günündə Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirib, ifadə azadlığına bağlılığını sübut edəydi”, - deyə xanım Losekoot bildirib.
Ekspertlər Azərbaycan hökumətinin Böyük Britaniya kimi diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməsini istəyir. “Media müxtəlifliyi” institutunun icraçı direktoru Milisa Pesiç Azərbaycan hökumətinin media müxtəlifliyini təmin etməsini vacib sayır. “Son illər Azərbaycanda çoxsaylı binalar inşa edilib, dünyanın ən bahalı brendlərinin mağazaları açılıb. Bu inkişafın qarşısında yalnız media azadlığı sahəsində geriləmə olub. Azərbaycan hökuməti media müxtəlifliyi ehtiyacını hiss etməlidir. Bütün davamlı inkişaflar media azadlığı və şəffaf informasiyaya bağlıdır”, - deyə o bildirib.

3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar “Sərhədsiz Reportyorlar” təşkilatı dünyada mətbuat azadlığının vəziyyəti barədə hesabatını açıqlayıb. Təşkilat ənənəvi “Mətbuatın qənimi” siyahısını da yeniləyib. Siyahıda Azərbaycan prezidentinin adı da yer alıb. “Müxalifətə yaxın və ölkədə artmaqda olan korrupsiyanı ifşa edən qəzetlər problemlərlə üzləşir. Jurnalistlərə basqılar bu ölkədə kifayət qədər tez-tez rast gəlinən haldır. Burada jurnalistlər ən çox cəza müddətləri alır. Məsələn, “Gündəlik Azərbaycan” qəzetlərinin redaktoru Eynulla Fətullayev saxta ittihamlarla 8,5 il müddətinə həbs edilib. İki gənc bloger - Adnan Hacızadə və Emin Milli də İnternetdə öz mövqelərini ifadə etməyə cürət etdikləri üçün 2 və 2 il yarım həbs cəzasına məhkum ediliblər.
2009-cu ildə İlham Əliyev qanunvericiliyə dəyişikliklər edildikdən sonra ölkə üzərində nəzarəti daha da gücləndirib və o, istədiyi qədər prezident vəzifəsində qala bilər. Bundan başqa, Azərbaycanda “KİV haqqında” qanuna jurnalistlərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran düzəlişlər edilib. Bu düzəlişlər peşəkarların, o cümlədən foto-jurnalistlərin işi üçün çox ağır şərait yaradıb”, - deyə hesabatda qeyd edilib.

Emin Fətullayev həbsdə olan jurnalist Eynulla Fətullayevin atasıdır. O, Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin oğlunun həbsdən dərhal azad edilməsi barədə qərarına sayğısız yanaşdığını deyir.

“Reportyorların Azadlıq və Təhlükəsizliyi” institutunun direktoru Emin Hüseyn ölkədə mətbuatın fundamental azadlıqlarına qarşı basqıların davam etdiyini bildirib. Onun dediyinə görə, xarici radioların yerli tezliklərdə yayımı dayandırılıb, jurnalistlərin həbsi davam edir, jurnalistlərə qarşı basqılar araşdırılmır. “Hesab edirik ki, Elmar Hüseynovun qətlinin sifarişçiləri yüksək vəzifəli şəxslərdir, Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməsinə hökumət maneçilik törətməməlidir və blogerlər azadlığa buraxılmalıdır”.

Öz növbəsində, hökumət ölkədə media azadlığının tam təmin edildiyini bəyan edir. Dövlətin yüksək vəzifəli rəsmiləri hökumətin media azadlığı sahəsində bütün imkanları təmin etdiyini, mətbuata dövlət qayğısının günbəgün artdığını bildirir. Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, Azərbaycanda söz və mətbuat azadlığının pozulması ilə bağlı deyilənlər gülüş doğurur. “Azərbaycanda mətbuat dövlətsizləşdirilib, senzura ləğv edilib, Mətbuat Şurası, Prezident yanında KİV-in İnkişafına Dəstək Fondu yaradılıb”.

XS
SM
MD
LG