Accessibility links

Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb


Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb

Səsvermə sakit mühitdə keçib və siyasi qüvvələr arasında qarşıdurma qeydə alınmayıb

Azərbaycanda parlament seçkiləri üzrə keçirilən səsvermə başa çatıb. Səsvermə sakit mühitdə keçib və siyasi qüvvələr arasında qarşıdurma qeydə alınmayıb. Bununla yanaşı, müxalifətdə olan siyasi partiyalar və bir sıra müstəqil namizədlər ciddi qanun pozuntuları ilə bağlı bəyanatlar yayıb.

İqtidarda olan “Yeni Azərbaycan” partiyası seçkilərin demokratik, azad və şəffaf keçirildiyini bildirib. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib ki, müxalifət partiyaları seçkilərdə qələbə qazana bilməyəcəyindən neqativ bəyanatlarla çıxış edir. “Bu bəyanatların əsası yoxdur. Seçkilərin nəticələrinə təsir edəcək hər hansı qanun pozuntusu qeydə alınmayıb”.

Müxalifət səsvermə prosesinin ciddi qanun pozuntuları ilə keçdiyini deyir. Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikrincə, qanun pozuntularının total xarakter daşıyıb və seçkilərin nəticələrini şübhə altına alır. “Bütün seçki məntəqələrində karusel üsulu ilə səsvermələr olub. 30-35 nəfərlik qruplar seçki dairələrinin bütün məntəqələrində səs verib”.

AXCP sədri Əli Kərimli səsverməni məzhəkə kimi qiymətləndirir. Onun sözlərinə görə, bütün məntəqələrdə karusel əməliyyatları qeydə alınıb. “Yüzlərlə qanun pozuntularını protokollaşdırmışıq. Hətta məntəqə sədrinin əlində 23 şəxsiyyət vəsiqəsi tutmuşuq”.

Müstəqil namizəd Bəxtiyar Hacıyev Amerika prezidenti və dövlət katibinin seçki qərargahında könüllü işləyib. O da seçki dairəsində çoxsaylı qanun pozuntusundan danışır. “Hətta məni qoluzorlu, şəxsiyyəti bəlli olmayan insanlar seçki məntəqəsində hədələdilər. Onlar mənimlə seçkidən sonra söhbət edəcəklərini bildirdi. Dairə üzrə 900-dən çox seçiciyə guya daşınan qutu aparılıb. Müəyyən etmişik ki, onların çoxunun bu qutulardan xəbəri olmayıb. Bu səsvermə yox, səsvermə möcüzəsi idi”, - deyə o qeyd edib.

XS
SM
MD
LG